Proje

Şuşa mədəniyyətinin incisi - Yuxarı Gövhər Ağa məscidi

Şuşa mədəniyyətinin incisi - Yuxarı Gövhər Ağa məscidi
4İyul 202412:57

2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Azərbaycan Respublikasının Şuşa şəhəri unikal bir yaşayış məntəqəsidir. Şuşa Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində qədim bir qala-şəhərdir. 1750-ci ildə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə hündür, sıldırım qayalar üzərində salınmış bu şəhərdə çoxlu tarixi abidələr mövcuddur

Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Şuşa füsunkar təbiətə malikdir: təmiz havası, saf və mineral bulaqları olan şəhər uca dağlar və qalın meşələrlə əhatələnib.

“Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Kiçik Paris” adlandırılan Şuşa Qarabağın mədəniyyət mərkəzidir.

Şuşa həm də məscidlər şəhərdidir.

Vaxtilə Şuşada 17 məscid fəaliyyət göstərib. Təəssüf ki, Şuşa şəhəri 28 il Ermənistan Respublikasının işğalı altında qalanda, məscidlər də talan edilib, yandırılıb və dağıdılıb.

Ermənistan ordusu 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-nə kimi Şuşa şəhərini işğal altında saxlayıb. Həmin dövrdə ermənilərin Şuşadakı məscidlərə qarşı həyata keçirdikləri vandalizm aktları heyrət doğurur: onlar bu dini ibadət yerlərində mal-heyvan, donuz saxlamaqla müsəlmanlığı təhqir ediblər.

2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövləti buradakı məscidlərdə yenidənqurma və bərpa işləri həyata keçirməyə başlayıb.

Şuşadakı tarixi-dini mədəniyyət abidələrindən biri də Yuxarı Gövhər Ağa məscididir. Onu həm də Şuşa cümə məscidi adlandırırlar. Bu, şəhərin mərkəzi Meydanında tikilmiş memarlıq abidəsidir. 

Məscid 1883-1884-cü illərdə Qarabağ xanı İbrahimxəlilin qızı - şairə və xeyriyyəçisi Gövhər ağanın tapşırığı ilə tikilib. Xan qızı Gövhər Ağanın maddi vəsaiti hesabına inşa olunan bu tarxi-dini abidəyə elə onun adı verilib. Məscidin memarı Kərbəlayı Səfixan Qarabaği olub. Məscid minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

Yuxarı Gövhər Ağa məscidi memarlıq xüsusiyyətlərinə görə Şuşadakı digər dini abidələrdən kəskin şəkildə fərqlənir. Tikilinin eyvanının tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər Ağa məscidinin minarələri üzərində 5 metr diametrə malik iki günbəz yerləşir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir.
Məsciddə interyerin zəngin plastikası, incə cazibədarlıq və nağılvari bəzəkləri görmək mümkündür. 

Şuşa şəhəri işğal altında olduğu müddətdə (1992-2020-ci illər) Yuxarı Gövhər Ağa məscidi də erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib. Ermənilər məscidin minarələrini qumbaraatanlardan atəşə tutublar, abidənin partladılmasına cəhd edilib, bu məqsədlə daxili dirəkləri zədələyiblər, sonra da məscid uzun illər baxımsız qalıb. Ermənilər hətta məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tarixi saxtalaşdırmağa da çalışıblar.

Şuşa işğaldan azad ediləndən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərə ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər. Dövlət başçısı Məkkədən gətirilmiş “Qurani-Kərim”i bu məscidə bağışlayıb.

2021-ci ilin sonlarından Azərbaycan dövləti Yuxarı Gövhər Ağa məscidini bərpa etməyə başlayıb. Məsciddə aparılan yenidənqurma və bərpa işləri 2023-cü ilin may ayınadək davam edib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki laboratoriyada analiz edilib. Bərpa işləri bu araşdırmanın nəticəsinə uyğun həyata keçirilib. İşlər Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən məscidin ilkin memarlıq üslubuna uyğun aparılıb. Nəticədə işğal dövründə Yuxarı Gövhər Ağa Məscidinə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.
Bərpa işləri məsciddəki mədrəsə binasını da əhatə edib.

2023-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi rəsmi qeydiyyata alınıb.

Yuxarı Gövhər Ağa məscidinin yerləşdiyi Şuşada indi sürətli yenidənqurma və bərpa işləri aparılır. 30 il öncə şəhərdən didərgin salınmış sakinlər tədricən öz dədə-baba yurdlarına qayıdırlar. Bu şəhər şübhəsiz ki, yaxın illərdə İslam ölkələrindən olan turistlərin də diddətini çəkəcək.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız