Azərbaycan xristianlığının qədim mərkəzi - Gəncəsər monastırı
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi tarixi və dini abidələrlə zəngindir. Hələ qədim dövrlərdən Qarabağ ərazisində xristianlıq və müsəlmanlığın mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Bu, eyni zamanda özünü Qarabağda aparılan tikinti işlərində də biruzə vermişdir.
İndiki Azərbaycan Respublikasının ərazisində qədim Qafqaz Albaniyası dövləti mövcud olub. Eramızdan əvvəl IV–III əsrlərdə yaranmış Qafqaz Albaniyası eramızın VIII əsrinədək yaşayıb. Qafqaz Albaniyasında İslamdan əvvəl xristianlıq yayılıb. Qafqaz Albaniyasının bir vilayəti kimi Qarabağ bölgəsi də o vaxtlar xristianlığın yayıldığı ərazilərdən biri olub.
Həmin dövrlərdə Qarabağda bir sıra xristianlıq abidələri inşa olunub. Belə abidələrdən biri də Qarabağın Vəngli kəndinə yerləşən əzəmətli Gəncəsər məbədidir. Xaçınçayın sol sahilində yerləşən bu məbəd XIII əsr alban monastırıdır. Gəncəsər məbədi XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi olub.
Bu monastrın divarındakı daş kitabənin epiqrafik yazısına görə, abidə alban knyazı Həsən Cəlal və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
Gəncəsər məbədi digər alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Bu kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir.
Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub.
Qeyd edək ki, Gəncəsər məbədinin yerləşdiyi Vəngli Qarabağın unikal yaşayış məntəqələrindən biridir.
Vəngli kəndi həm də tarixən Qafqaz Albaniyasındakı Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Xanabert qalası da məhz Vənglidə yerləşir.
Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Buradakı kilsə xaçvari-günbəzli kvadrat formalıdır və səliqəli kəsmə daşlardan tikilib.
VIII əsrdə Qafaz Albaniyasında (Azərbaycanda), o cümlədən Qarabağda İslam dininin qəbul edilməsi yeni bir mərhələnin başlanğıcını qoydu. Bölgədə çoxlu sayda məscidlər inşa edilsə də. xristian məbədləri də saxlanıldı.
1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan hökuməti tərəfindən “Dünya əhəmiyyətli mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
Təəssüf ki, Vəngli kəndi 1993-cü ildən 2023-cü ilə kimi Ermənistan silahlı qüvvələrinin və Qarabağdakı erməni separatçılarının işğal altında olub. Həmin dövrdə abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qanunsuz olaraq dəyişikliklərə məruz qalıb. Divar yazıları korlanıb, abidənin bir neçə daş yazıları, eləcə də Qafqaz Albaniyası dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun forması dəyişdirilərək tanınmaz hala salınıb. Gəncəsər məbədinin daxili divarları erməni dilində yazılarla “bəzədilib”. Eyni zamanda, kompleksin daxilindəki knyaz Həsən Cəlalın qəbri üzərindəki sinə daşı sındırılıb. İşğalçıların məqsədi tarixi saxtalaşdırmaq, bu qədim abidəni özününküləşdirmək və onu dünyaya “erməni kilsəsi” kimi təqdim etmək idi. Onlar dəfələrlə belə təqdimatlara cəhdlər də ediblər.
Halbuki, XIX əsrə qədər Qarabağda erməni etnik kütləsi yaşamayıb. Onlar bölgəyə XIX əsrdə Rusiya imperiyasının himayəsilə İrandan köçürülüblər.
Qeyd edək ki, Gəncəsər monastırı 30 illik erməni işğalı dövründə qanunsuz yollarla Qarabağa gələn xarici turistlərin ən çox ziyarət etdiyi abidə olub.
Hətta 2010-cu ildə məşhur italyan estrada müğənnisi Albano Karrizi də Azərbaycanın icazəsi olmadan Vəngli kəndinə səfər etmiş və Gəncəsər monastır kompleksini gəzmişdi.
Nəhayət uzun illər Ermənistanın işğalı altında qalan Vəngli kəndi 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində azad olundu. Beləliklə də tarixi Gəncəsər məbədi də azadlığa qovuşdu.
2023-cü il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məşhur Gəncəsər monastırının ucaldığı tarixi Vəngli kəndini ziyarət etdi və bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu bütün dünyaya göstərdi.
Vəngli kəndi yüksək dağlıq ərazidə yerləşir. Havası yayda sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır. Tarixi və dini abidələrlə məşhurlaşan bu kəndin yaxın gələcəkdə xarici turistlərin diqqətini cəlb edəcəyi istisna olunmur.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız