Azərbaycanı dünyada tanıdan dirilik suyu - İSTİSU
Azərbaycanın 30 ildən sonra Ermənistanın işğalından azad etdiyi Qarabağ bölgəsi
füsünkar təbiəti, təmiz havası, səfalı və gəzməli yerləri, saf bulaqları, müalicəvi əhəmiyyətli mineral suları ilə zəngindir. Bu ərazilərdə mənzərəli dağlar, meşələr, çaylar, göllər - bir sözlə, cənnətə oxşayan yerlər var.
Bölgədəki Kəlbəcər rayonu da 30 illik işğaldan azad edilib. Bu rayon özünəməxsus zəngin təbiətə malikdir. Tanrı Kəlbəcər rayonuna bir çox sərvətlər bəxş edib. Rayonun qeyri-adiliklərindən bəhs edərkən İstisu mineral bulaqlarından danışmamaq mümkün deyil. Bu müalicəvi su rayona sağlamlıq turizmi baxımından böyük imkanlar qazandırıb.
İstisu təbiətin Kəlbəcərə bəxş etdiyi bir nemət olaraq Azərbaycanı dünyaya tanıdan və loğman kimi neçə-neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyudur.
Kəlbəcərdəki İstisu mineral bulaqları hələ 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
12 bulaqdan ibarət olan İstisu kimyəvi tərkibinə, yüksək temperaturuna görə dünyada tayı-bərabəri olmayan müalicəvi xüsusiyyətə malikdir.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay vaxtilə İstisu haqqında belə demişdi: “Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynisidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.
İstisu ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Bu bulaqlardan biri 8 metrədək hündürlüyə fəvvarə vurur.
1928-ci ildən 1993-cü ilə kimi burada böyük sanatoriya və mineral sudoldurma zavodu fəaliyyət göstərirdi. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzində hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Lakin 1993-cü ildə Kəlbəcəri işğal edən ermənilər həmin müssisələri dağıdıb talan ediblər. Onlar 30 illik işğal dövründə Kəlbəcərin digər təbii ehtiyatları kimi, İstisu bulaqlarını da qanunsuz istismar ediblər. Kəlbəcərdəki faydalı suyu özününküləşdirərək, başqa adla dünya bazara çıxardıblar.
Artıq bu gün Kəlbəcər işğaldan azad olunub və indi Azərbaycan hökuməti “İstisu” sanatoriyasını və zavodunu yenidən qurmağa başlayıb.
Belə ki, 2022-ci ilin iyununda Kəlbəcər rayonuna səfər edən Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Vaxtilə məşhur olan “İstisu” mineral suyu da yenidən qablaşdırılaraq həm Azərbaycanda satılacaq, həm də xaricə ixrac ediləcək. Yerdən qaynayıb çıxan istisu bulaqlarında hərarət 60 C dərəcəyə bərabərdir.
Qeyd edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir.
İstisudan istifadə etmək mədə-bağırsaq, qastrit, qaraciyər, öd kisəsi, sinir sistemi, maddələr mübadiləsi pozğunluqları və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir.
İstisu ilə hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar da müalicə olunurlar.
Həkimlər deyirlər ki, bu mineral suların tərkibində sulfat, kükürd birləşmələri olduğuna görə dəri xəstəliklərində də effektivdir.
Azərbaycan hökuməti hesab edir ki, Kəlbəcər rayonu tam qurulub bərpa olunandan və məskunlaşdırılandan sonra bölgə turistlərin də diqqətini cəlb edəcək. Yaxın gələcək də Ərəb ölkələrindən də Qarabağa turist axınının baş verəcəyi gözlənilir.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız