Qarabağ separatçıları Bakını təhdid edirlər
30 ildən çoxdur ki, separatizm problemindən əziyyət çəkən Azərbaycan Respublikası hələ ki bu məsələnin həllinə nail ola bilmir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan və orada qondarma rejim yaradan erməni separatçıları xarici havadarları tərəfindən - Fransa, Rusiya və Ermənistandan dəstək alırlar. Rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq, Qarabağın dağlıq hissəsində mövqelənən erməni separatçıları nə silahı yerə qoyub təslim olur, nə də bölgəni tərk edirlər. Onlar hazırda bu ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin himayəsinə sığınıblar.
İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticəsi separatçıları daha da qızışdırıb. Çünki həmin görüşün yekununda Avropa İttifaqı Qarabağdakı erməni əhalisinə humanitar yardımların Azərbaycanın Ağdam şəhərindən də gətirilməsi təklifini dəstəkləyib. Azərbaycan Prezidenti İlham Əliyev bu təklifi Qarabağdakı erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından vacib amil olaraq irəli sürüb.
Qarabağdakı erməni icmasını təzyiq altında saxlayan separatçılar isə bunu istəmirlər. Onlar bölgəyə humanitar yardımların yalnız qonşu Ermənistan Respublikasından Laçın yolu ilə gətirilməsində maraqlıdırlar.
Qeyd etmək lazımdır ki, 30 il boyunca Laçın yolunu işğalda saxlayan Ermənistan bu marşrutla Qarabağ separatçılarına silah-sursat, mina, hərbi texnika daşıyıb. Ancaq 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmağa nail oldu. Laçın şəhəri işğaldan azad olunandan sonra işğalçı Ermənistanla əlaqələri kəsilən Qarabağ separatçıları çətin vəziyyət düşdülər.
Xüsusilə bu il aprelin 23-də rəsmi Bakının Laçın yolunun girişində sərhəd-gömrük məntəqəsi qurması separatçıların əl-qolunu bağladı. İndi onlar dünyaya car çəkirlər ki, guya Azərbaycan Qarabağda humanitar böhran yaradıb. Halbuki, sözügüdən məntəqə işə düşəndən sonra humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkili həyata keçirilirdi. Qarabağın erməni sakinləri hər gün sərhəd-gömrük məntəqəsindən keçməklə həm Ermənistana gedə, həm də geriyə qayıda bilirdilər.
Lakin iyunun 15-də Ermənistanın Laçın məntəqəsinə atəşə açması, orada Azərbaycan əsgərinin yaralanması və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə həyata keçirilən qaçaqmalçılıq hallarının aşkarlanması rəsmi Bakını daha sərt tədbirə əl atmağa məcbur etdi. Azərbaycan həmin hadisələri araşdırmaq məqsədilə müvəqqəti olaraq Laçın yolunda daşımaları dayandırmalı oldu.
Separatçılar isə Laçın yolunun yüklər üçün açılmasına nail olmağa çalışır. Ermənilər dünya ictimaiyyətini aldatmağa, onu bölgədə humanitarın böhranın yarandığına inandırmağa çalışırlar. Ancaq Laçın yolu ilə icazəsiz yük daşımaları mümkün deyil, çünki beynəlxalq hüquq normalarına görə, qonşu ölkədən mal gətirib-aparmaq üçün Azərbaycanın sərhəd-gömrük qaydalarına riayət edilməlidir. Bunun üçün isə Ermənistan Azərbaycanla sülh sazişi və ikitərəfli müqavilələr imzalamalıdır. Bu olmadıqca, Qarabağ erməniləri üçün yeganə alternativ yol Ağdam marşrutudır.
Laçın yoluna tam nəzarət etmək Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi baxımından çox vacib idi ki, rəsmi Bakı da lazımi addım atmağa məcbur oldu. Azərbaycan Laçın sərhəd-gömrük məntəqəsini qurmaqla özünün ərazi bütövlüyünün təmin olunmasını həyata keçirdi.
Azərbaycan Xarici İşlər Nazirlyi Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yarandığı barədəki iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyası adlandırıb. Nazirlik bəyan edib ki, “Qarabağ əhalisi” dedikdə niyə yalnız bölgədəki erməni sakinlər nəzərdə tutulur? Axı bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlər də var, onların hüquq və təhlükəsizliyinin gözardı edilməsi qəbuledilməzdir.
Qarabağ erməniləri bu günlərdə Azərbaycanın humanitar yardım təklifinə etiraz aksiyası ilə cavab veriblər. Separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu ilə təmin edilməsinin qarşısını almaqdır. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayıblar.
Separatçılar hər cür humanitar təklifə müqavimət göstərir və erməni əhalisini nəzarətdə saxlayırlar. Artıq onlar Azərbaycanı təhdid etməyə və hərbi təxribatlar törətməklə hədələməyə başlayıblar. İstisna deyil ki, separatçılar yaxın vaxtlarda Qarabağdakı erməni əhalisinə qarşı təxribat törədə və bunu Azərbaycanın üzərinə yıxa bilərlər.
Siyasi ekspertlər Azərbaycana qarşı təhdidlərin arxasında separatçılarla birlikdə Rusiya sülhməramlılarının da dayandığını deyirlər.
Separatçıların “başçısı” Arayik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında bir həftə vaxt qoyub. Deyib ki, bir həftə ərzində Laçın yolu açılmasa, daha sərt tədbirlərə əl atacaqlar.
Çıxılmaz vəziyyətdə olan separatçılar artıq həm də şantaja keçiblər. Çünki söhbət özlərinin mövcudluğundan gedir. Separatçılar bununla təslim olmayacaqlarını əyani nümayiş etdirirlər. Onlar nə olursa olsun, yerli erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını əngəlləməyə çalışırlar.
Azərbaycan isə bu ilin sonuna kimi bölgədə sülhün bərqərar olunmasını istəyir. Rəsmi Bakı Qarabağın erməni sakinlərinə dialoq təklif edib. Separatçılar Azərbaycanın bu xoşniyyətli addımına da mane olur, dialoqun baş tutmasına yol vermirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, bütün əsassız iddialara, manipulyasiyalara son qoymalı, separatçıları dəstəkləməyi dayandırmalıdır.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
İraq mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız