Proje

Güllələnmiş heykəllər

Güllələnmiş heykəllər
19May 202413:30

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri bir çox maddi mədəniyyət nümunələrilə zəngindir. Belə nümunələrdən biri də “Güllələnmiş heykəllər” adlandırılan büstlərdir.

Yəqin ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi güllələnmiş heykəllər yoxdur. Bu abidələr erməni vandalizminin əyani sübutudur.

Azərbaycanın məşhur şəxsiyyətləri olan şairə Xurşudbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və xanəndə Bülbülün güllələnmiş heykəlləri hazırda Şuşa şəhərindəki mərkəzi meydanda yerləşir.

Bəs tuncdan hazırlanmış bu büstlər niyə güllələnib?

Vaxtilə bu abidələr Qarabağ bölgəsinin mədəniyyət beşiyi olan Şuşa şəhərinin bəzəyi idi.

1992-ci il may ayının 8-də Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. O zaman Şuşa şəhərindəki hər şey erməni vandalizminin qurbanına çevrildi. Ermənilər Şuşadakı muzeyləri, abidələri, məscidləri, mədəniyyət ocaqlarını, qəbiristanlqıları dağıtdılar, qarət etdilər. Heykəlllər də bu vandalizm aktından kənarda qalmadı. Dinc insanları qətlə yetirməklə kifayətlənməyən erməni işğalçıları silahlarını həm də azərbaycanlılara məxsus olan heykəl və büstlərə tuşladılar. Nəticədə Azərbaycanın üç dahi şəxsiyyətinin Şuşadakı büstləri dəlmə-deşik edildi.

Ermənilər heykəlləri güllələmək və təhqir etməklə Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə də məhəl qoymadılar.

Britaniyalı jurnalist, Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun təhlilçisi Tomas de Vaalın Qarabağla bağlı kitabında da bu heykəllər barədə xüsusi qeydlər var. Müəllif ermənilərin Şuşada üç azərbaycanlı mədəniyyət xadiminin tunc büstündən qisas alındığını təəssüf hissi ilə yazıb.

Həmin heykəllərin tunc materialına tamah salan ermənilər onları əridib satmaq və pul qazanmaq üçün əvvəlcə Şuşadan Ermənistanın paytaxtı İrəvan şəhərinə, oradan da Gürcüstana apardılar.

Xoşbəxtlikdən bu heykəllər təsadüfən Gürcüstanda yaşayan azərbaycanlıların qarşısına çıxmışdı. Həmin azərbaycanlılar dərhal abidələr barədə Azərbaycanın müvafiq dövlət qurumlara məlumat veriblər. 1993-cü ildə Azərbaycan Respublikasının o vaxtkı prezidenti mərhum Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər pulla alınaraq Bakıya gətirilib və müvəqqəti olaraq Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyir ki, 1993-cü ildə Azərbaycan hökuməti “Güllələnmiş heykəllər”in geri alınıb Bakıya gətirilməsinə 500 min dollar xərcləmişdi. Təbii ki, həmin pul ermənilərə çatmışdı.

Bakıda “Güllələnmiş heykəllər” illərlə xarici turistlərin diqqətini cəlb edən eksponatlar sırasında oldu. 

“Güllələnmiş heykəllər” 1993-cü ildən 2021-ci ilə kimi Bakıda köçkün abidələr olaraq qaldı. Hər il 18 sentyabr – Milli Musiqi Günü münasibətilə keçirilən mərasimlərdə İncəsənət Muzeyinin həyətindəki “Güllələnmiş heykəllər” də ziyarət olunurdu. Həmçinin Azərbaycana gələn, Milli İncəsənət Muzeyini ziyarət edən əcnəbi qonaqlara da “Güllələnmiş heykəllər” haqqında məlumat verilirdi.


Şuşa həsrətli bu sənət əsərləri Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün didərgin ruhları kimi, hər il doğma məkana qayıdacaqları günü gözləyirdilər...Və nəhayət o gün yetişdi.

2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə Vətən torpaqlarını işğalçılardan azad etmək üçün müqəddəs savaşa başladı. Vətən müharibəsinin 43-cü günündə - 8 noyabrda Şuşa şəhəri işaldan azad olundu. Azərbaycanlıların 28 illik həsrətinə son qoyuldu və ölkənin tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhəri geri qaytarıldı. Şuşanın azad olunmasından sonra müharibəni uduzduğunu anlayan Ermənistan Azərbaycan qarşısında ağ bayraq qaldırıb təslim oldu, kapitulyasiya aktına imza atdı.

Müharibə başa çatandan təxminən iki ay sonra – 2021-ci il yanvarın 14-də “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Şuşaya qaytarıldı.
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinə qaytarılan üç böyük şəxsiyyətin tunc abidəsi üzərindən örtüyü götürdü və bununla da tarixi ədalət bərpa olundu.

Azərbaycan hökuməti “Güllələnmiş heykəllər”i bərpa etməyib, olduğu kimi saxlayıb ki, Şuşaya gələn hər kəs, o cümlədən xarici turistlər erməni vandalizminin izlərini əyani şəkildə görsünlər.

2021-ci ildən görkəmli azərbaycanlılar Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün ruhları şaddır. İndi bu abidələrin hər birinin üzərindəki güllə izləri erməni vandalizmini əyani dəilil olaraq gələcək nəsillər üçün yaşadır... Yəqin ki, yaxın tarixdə "şəhid heykəllər”dən bütün dünya xəbər tutacaq...

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız