Proje

Ermənistan Azərbaycanın ərazilərini minalayıb - TERROR

Ermənistan Azərbaycanın ərazilərini minalayıb - TERROR
11Noyabr 202221:07

Azərbaycan Respublikası Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində mina problemindən əziyyət çəkir. Belə ki, Azərbaycanın 20 faiz ərazisini - Qarabağı və Şərqi Zəngəzuru 30 il ərzində işğalda saxlayan Ermənistan həmin torpaqlarda külli miqdarda mina basdırıb.

2020-ci ilin payızında Azərbaycan Respublikası 44 gün müharibə apararaq, öz tarixi torpaqlarını qonşu dövlətin işğalından azad etdi. Bu zaman məlum oldu ki, işğaldan azad edilmiş rayonlar - Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa və Ağdam rayonlarının əraziləri başdan-başa mina tarlasına çevrilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, ermənilər həmin rayonlardakı yollara, evlərə, həyətlərə, hətta otlaq sahələrinə və bağlara, tarixi abidələrin ətrafına, qəbiristanlıqlara piyada və tank əleyhinə minalar döşəyiblər.

“Onlar bu partlayıcı qurğular sayəsində dinc azərbaycanlılara, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər”, - deyə Agentliyin sədr müavini Samir Poladov bildirib.

Hazırda işğaldan azad olunmuş ərazidə Azərbaycan hökuməti tərəfindən minatəmizləmə işləri həyata keçirilir. Lakin bu işlərdə rəsmi Bakının böyük dəstəyə ciddi ehtiyacı var.

Təkcə avqust ayında piyada əleyhinə 2353, tank əleyhinə 689 mina və 1161 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

“İndiyədək ümumilikdə 49 min hektardan çox ərazini minalardan təmizləmək mümkün olub. Lakin görüləcək işlər hələ çoxdur”, - deyə S.Poladov bildirib.

Onun sözlərinə görə, indiyə kimi minaların partlaması nəticəsində Azərbaycandan 240 mülki şəxs və hərbçi həlak olub və ya yaralanıb. Həlak olan və yaralananlar arasında azərbaycanlı jurnalistlər də var.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, kütləvi şəkildə aşkarlanan piyada əleyhinə minalar Ermənistanda istehsal olunub.

1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsinə əsasən, piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsi qadağandır. Amma Ermənistan bu qadağaya məhəl qoymayıb.

Ermənistan Azərbaycan ərazilərdində piyada əleyhinə minalar basdırmaqla həm də 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini pozur. Rəsmi İrəvan bunu açıq şəkildə göstərməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edib. Lakin Ermənistan hər dəfə bu tələbdən yayınaraq, mina xəritələrini verməyib. Verilən bəzi “xəritələr” isə reallığı əks etdirməyib.

Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir.

Azərbaycan Respublikasının rəhbərliyi minaların insanların həyatına yaratdığı təhlükəni nəzərə alaraq, beynəlxalq təşkilatlardan və xarici ölkələrdən yardım istəyib.

“Təəssüf ki, biz minaların təmizlənməsi prosesində hər hansı bir beynəlxalq təşkilatdan dəstək almamışıq…
Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir.
Bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb”,-deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat qarşısındakı çıxışı zamanı bildirib. 

Azərbaycanın işğal nəticəsində dağıdılmış əraziləri indi insanlar üçün təhlükəli zonalardır. Buna görə də, qaçqınların və məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması işi də çətinləşib və bu, hələ bir neçə il uzanacaq.
Mina problem həm də müharibənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına mənfi təsir göstərir.

Qeyd edək ki, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanarasında görüş keçirlib. Bu görüşdə digər məsələlərlə yanaşı, minaların təmizlənməsi barədə də ətraflı müzakirələr aparılıb.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız

Misir mətbuatındakı yazımız