Proje

Ermənistan sülhə gəlmir...

Ermənistan sülhə gəlmir...
15Oktyabr 202217:24

Cənubi Qafqazda yerləşən iki qonşu dövlət - Azərbaycan və Ermənistan arasında gərginlik son günlər yenidən artıb. 30 il ərzində Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal altında saxlamış Ermənistan 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədən sonra məğlub duruma düşsə də, sülh sazişi imzalamaq istəmir.

Azərbaycan Respublikası 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı müharibə nəticəsində torpaqlarının əsas hissəsini işğaldan azad edib. Lakin Yuxarı Qarabağ bölgəsi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Hazırda müvəqqəti olaraq bu bölgədə yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingenti atəşkəs rejiminin saxlanmasına nəzarət edir.

Bununla paralel olaraq 2 ildir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Bu danışıqlara həm Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Rusiyanın vasutəçiliyilə Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, tərəflər üzərinə öhdəliklər qoyulub. Lakin Azərbaycandan fərqli olaraq Ermənistan öhdəliklərə əməl etmək istəmir. Məsələn, Ermənistan tərəfi öhdəliklərinə zidd olaraq indiyə qədər qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb. Bununla yanaşı, Ermənistanın Azərbaycan ərazilərini intensiv minaladığı halları da aşkar edilib. Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılmasını da ləngidir.

Son vaxtlar tərəflər arasında davamlı olaraq baş verən atəşkəsin pozulması halları sentyabrın 13-dən dövlət sərhəddində aktiv döyüşlərə çevrilib. 

Bundan əvvəl - 31 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqının vasitəçiliyilə görüşərək, sülh müqaviləsi üzərində işləməyə razılaşmış və hətta əl sıxaraq görüşmüşdülər.
 
Təəssüf ki, 44 günlük müharibədən sonra danışıqlar prosesini dəfələrlə pozmuş Ermənistan bu dəfə də ənənəvi siyasətinə sadiq qalıb. İşğalçı dövlət sentyabrın 13-də Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təxribatlar törədib. Erməni silahlı qüvvələri gizli şəkildə Azərbaycan Ordusunun mövqeləri arasındakı təminat yollarını və əraziləri minalamağa cəhd edib. Eyni zamanda, Azərbaycan Ordusunun mövqeləri, sığınacaqlar və dayaq məntəqələri ermənilər tərəfindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu təxribatlarının qarşısını almağa çalışan 50-dən çox azərbaycanlı hərbçi şəhid olub, hərbi infrastruktura ciddi ziyan dəyib.

Azərbaycan Ordusu təxribatın qarşısının alınması məqsədilə adekvat tədbirlər görüb, atəşin açıldığı hərbi hədəflər məhv edilib. Bu döyüşlərdə Ermənistan tərəfi ciddi itkilər verib – işğalçı dövlətin 200-dək hərbçisi ölüb.

Sentyabrın 13-də xarici tərəfdaşların müraciətləri nəzərə alınaraq, atəşin dayandırılması barədə razılıq əldə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir ki, beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozmağa davam edir.

Sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təklifləri qarşılıqsız qalıb. 31 avqust tarixli Brüssel görüşündən dərhal sonra Azərbaycan tərəfi sentyabr ayının sonunda iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsini təklif etsə də, Ermənistan tərəfindən cavab olmayıb. Əksinə, Brüssel görüşündən 3 gün sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan ərazilərinə qanunsuz səfər edərək nümayişkaranə şəkildə siyasi təxribata əl atıb.

Azərbaycan hazırda da Ermənistana bir-birlərinin ərazi bütövlüyünü, suverenliyi və sərhədlərin qarşılıqlı tanınmasını təklif edir. Qarşı tərəf isə bu təkliflərə əhəmiyyət vermədən Azərbaycana qarşı ərazi iddialarının davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, regionda hərbi gərginliyin yaranması rəmi Bakının marağında deyil. Azərbaycan 30 il ərzində Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Birinci müharibə zamanı 20 mindən artıq, ikinci müharibə zamanı 3000 şəhid verib. 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb, şəhər və kəndlər dağıdılıb.
Ermənistan iki dövlət arasında münasibətlərin normallaşmasına dair razılıqları nümayişkaranə şəkildə pozarkən, xaricdəki havadarlarına və erməni diasporuna arxalanır. Azərbaycan bu gün də Ermənistanla siyasi-diplomatik müstəvidə danışıqlara hazır olduğunu bildirir, işğalçı dövlətin siyasi-hərbi rəhbərliyi isə hələ ki buna məhəl qoymur.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız