Proje

Ermənilərin yer üzündən sildiyi şəhər - Cəbrayıl

Ermənilərin yer üzündən sildiyi şəhər - Cəbrayıl
17Oktyabr 202217:39

Azərbaycan Respublikasında Cəbrayıl adlı bir rayon var, 1993-cü ildən ta 2020-ci ilə kimi Ermənistanın işğalı altında qalıb. Ermənilər 27 il ərzində 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan bu rayonda daşı-daş üstündə qoymayıblar. Mərkəzi şəhəri də elə Cəbrayıl adlanan bu rayon başdan-başa xarabalığa çevirilib.

Yaşayış evləri yıxılan, qəbiristanlıqları dağıdılan, məscidləri təhqir olunan, tarixi və mədəni abidələri yerlə-yeksan edilən, muzeyləri qarət olunan, xəstəxanaları, məktəbləri və uşaq bağçaları sökülən, kitabxanaları yandırılan, meşələri qırılan, bulaqları və kəhrizləri qurudulan bu rayonun indiki mənzərəsinə baxanda insanın tükləri biz-biz olur. Dünyadakı hərbi münaqişə zonalarının heç birində belə dəhşətli mənzərə görə bilməzsən.
Cəbrayıl Allahın mələklərindən birinin adıdır. Amma ermənilər bu rayonu vəhşicəsinə dağıdıb yerlə-yeksan edəndə nə Allahdan qorxublar, nə də bəndədən. Talançılığın, qarətin, vandalizmin həddi-hüdudu olmayıb. Cəbrayılı 27 il əsarətdə saxlayan işğalçıların 1050 kv.m sahəsi olan bu rayonda bircə məqsədi olub – mümkün qədər söküb-dağtmaq...

Ermənilər bilirdilər ki, Cəbrayıl rayonunu həmişəlik əldə saxlaya bilməyəcəklər. Bilirdilər ki, bir gün o torpaqların əsl sahibləri geri qayıdıb haqq-hesab soracaq. Ona görə də hətta daşdan, dəmirdən, torpaqdan, ağacdan, vəhşi heyvanlardan belə qisas alırdılar... Həm də bunu elə bir vəhşiliklə həyata keçiriblər ki, dünyanın heç harasında bəşəriyyət belə vandalizmə şahid olmayıb.
İşğalçılar Cəbrayılda bir salamat tikili saxlamayıblar, xarabalıq, viranəlik yaradıblar. Bu, misli-bərabəri olmayan faşizmin, vandallığın əlamətləridir.

Cəbrayılda 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 149 mədəniyyət obyekti, 95 təhsil müəssisəsi, 77 səhiyyə ocağı dağıdılıb. Əhalinin şəxsi təsərrüfatlarında olmuş 26 min başdan çox iribuynuzlu, 53224 başdan çox xırdabuynuzlu heyvan mənimsənilib. İşğal nəticəsində rayona ümumilikdə 14 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
Cəbrayıl rayonu işğal olunarkən 392 nəfər şəhid oldu. İşğal nəticəsində 55 mindən çox mülki insan doğma yurd-yuvasından, dədə-baba torpağından didərgin salındı. Onlar 27 il qaçqın-köçkün həyatı yaşamağa məcbur oldular. Həm də ən pis şəraitdə yaşadılar - qışın soyuğunu, yayın istisini çadır şəhərciklərində, dəmir yük vaqonlarda, yarıuçuq tikililərdə, heç bir şəraiti olmayan yataqxanalarda keçirdilər.


Nəhayət 27 ildən sonra Cəbrayılın xilas günü yetişdi. İllər öncə doğulduğu rayonu qucaqda tərk edən körpələr Cəbrayıla tankların üstündə döyüşçü olaraq qayıtdılar. 2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatları sayəsində Cəbrayılı Ermənistanın işğalından azad etdi. Cəbrayılın xilası Azərbaycanın apardığı II  Qarabağ müharibəsindəki ilk ciddi uğur oldu. Cəbrayıl uğrunda döyüşə atılan hərbçilər qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdilər, yadelli düşməni doğma torpaqlardan qovdular.
Azərbaycan Ordusu 44 gün davam edən II Qarabağ müharibəsi nəticəsində Cəbrayılla yanaşı, daha 6 rayonu bütövlükdə Ermənistanın işğalından azad etməyə nail oldu.

Bir vaxtlar öz gözəlliyilə seçilən Cəbrayıl canlı bir şəhər idi. İndi isə bu şəhərin – bu rayonun gözəlliyindən əsər-əlamət qalmayıb. Ermənistan törətdiyi dağıntılarla faktiki olaraq Azərbaycanın Cəbrayıl rayonunu yer üzündən silib.

Müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş Cəbrayıl rayonuna gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların nümayəndələrini, xarici ekspertləri, səfirləri, jurnalistləri də ora dəvət edib.

“Bütün dünya görsün ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. Cəbrayılda bir dənə də salamat bina qalmayıb, bütün infrastruktur, binalar, evlər, tarixi və dini abidələr, yollar dağıdılıb. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt bu torpaqlara qayıtmayacaq. Amma səhv etdilər. Biz artıq öz torpaqlarımızdayıq və buraları qurub-tikəcəyik”, - deyə Prezident bildirib.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
Mərakeş mətbuatındakı yazımız