Proje

Ermənistanın Edilli cinayəti – kütləvi məzarlıq

Ermənistanın Edilli cinayəti – kütləvi məzarlıq
25Oktyabr 202217:47

Oktyabrın 5-də Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş azərbaycanlı hərbçilərin kütləvi məzarlığı aşkarlanıb. Məzarlıqda Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı öldürülmüş 12 nəfərin sümükləri tapılıb.
Bu, eyni kənddə tapılan üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin əvvəlki aylarında Edilli kəndindəki daha iki yerdə azərbaycanlıların qətlə yetirilərək kütləvi basdırıldığı ərazilər müəyyən edilmişdi. Həmin ərazilərin birində 7, digərində 18 meyitin qalıqları tapılmışdı.
Beləliklə, erməni vəhşiliyini sübut edən növbəti fakt üzə çıxıb...

Budəfəki faktla bağlı da Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndəsi Ədalət Həsənov bildirib ki, aşkarlanan meyitlər üzərində işgəncə faktları da var.

“Tapılan sümüklər 12 azərbaycanlı hərbi qulluqçununqalıqlarıdır. Onlar hamısı paltarla dəfn olunub. Həmin meyitlərin kütləvi və qeyri-insani dəfn edilməsindən məlum olur ki, onlara işgəncə və əzab verilib. Onların hər birinin zədə və xəsarət izləri görünür. Meyitlərin sümükləri məhkəmə-kriminaslistika şöbəsində bir-bir müayinə ediləcək”,- Ə.Həsənov deyib.
O bildirib ki, meyitlərin əl-ayağının məftil və kəndirlərdən istifadə edilməklə bağlandığı da aşkar edilib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib Edilli kəndi 1988-1994-cü illərdə Ermənistan tərəfindən azərbaycanlı əsir və girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.

Onun sözlərinə görə, 1988-1994-cü illərdə davam etmiş Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş hələ də itkin düşmüş sayılır. Onlardan çoxunun əsir götürüldüyü və işgəncəyə məruz qaldıqdan sonra öldürülərək kütləvi məzarlıqlarda basdırıldığı güman olunur.

Azərbaycandakı xarici səfirliklərin hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndinə səfər edərək, kütləvi məzarlığa baxış keçiriblər. Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu.
Artıq xarici jurnalistlər də Edilli kəndində gedərək, orada törədilmiş bu tükürpədici hadisənin nəticəsinə şahidlik ediblər.


Azərbaycan hökuməti dəfələrlə itkin düşən 4000 nəfər barəsində Ermənistan Respublikasının rəhbərliyinə, eləcə də insan hüquqları ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib. Amma rəsmi İrəvan müxtəlif bəhanələrlə itkin düşənlərin taleyi barədə məlumat verməkdən yayınıb. Eyni zamanda ermənilər azərbaycanlıları kütləvi surətdə qətlə yetirib basdırdıqları yerlərin xəritəsini verməkdən də imtina ediblər. Bununla da Ermənistan törətdiyi müharibə cinayətlərini, insanlıq adına utanc gətirən əməllərini dünya ictimaiyyətindən gizlətmək məqsədi güdüb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, şahid ifadələri və digər məlumatlara görə, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar Edilli kəndindəki bölüşdürücü məntəqədə saxlanılırmış. Daha sonra onlar buradan Qarabağın digər rayonlarına və Ermənistana göndərilirmiş. Ermənilər əsir götürdükləri azərbaycanlıları yol təmirində, işğal zonasındakı azərbaycanlı evlərinin sökülməsində işlədirmişlər.

Ermənistan rəhbərlərinin bu vəhşilik barədə növbəti dəfə nələrsə uyduracaqları, dünya ictimaiyyətini aldadacaqları istisna deyil. Halbuki, ortada dəlil-sübutlar var.

Ermənlər hələ də özlərini dünyaya heç nə olmamış kimi yazıq, məzlum göstərməyə çalışırlar. Hələ də minalanmış sahələrin xəritəsini vermir, kütləvi məzarlıqların yerini göstərmirlər. Ermənistanın növbəti belə əməllər törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Misir mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız