Proje

Qarabağ turizmi dünyaya səs salacaq

Qarabağ turizmi dünyaya səs salacaq
21Oktyabr 202218:14

Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi Qarabağ bölgəsi hazırda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığı nəhəng meydana çevrilib.
Mütəxəssislər deyirlər ki, Qarabağ zonası Azərbaycanda turizmin inkişafına yeni töhfələr verəcək.
Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin gələcək hədəflərindən biri məhz Qarabağda turizmin inkişa­fında nail olmaqdır.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılacaq.

Bölgədə başlanılan yenidənqurma işləri yaxın illərdə bu ərazilərin turizm mərkəzinə çevriləcəyindən xəbər verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez Qarabağa səfərlər edir, turizm sektorunun inkişafı üçün görülən işləri diqqətdə saxlayırlar.

Xüsusilə də Şuşa, Zəngilan, Hadrut, Laçın və Kəlbəcər rayonlarında turizm imkanlarının yaradılması üçün otellərin, sanatoriyaların, istirahət mərkəzlərinin  təməli atılır, avtomobil və dəmir yolları, tunellər çəkilir, körpülər qurulur, su elektrik stansiyaları tikilir, kütləvi yaşıllaşdırma işləri həyata keçirilir, xidmət sahələri yaradılır, digər infrastruktur layihələri icra edilir. Məsələn, Füzuli rayonunda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi belə layihələrdən biridir. Hazırda Zəngilan və Laçın rayonlarında da aeroport tikilir. Bu hava limanlarının tikintisi yaxın gələcəkdə bölgədə turizmin inkişafına böyük təkan verəcək. Çünki həmin aeroportlar istifadəyə veriləndən sonra Qarabağa gediş-gəliş turustlər üçün daha rahat və əlçatan olacaq.
Kəlbəcər və Laçın rayonlarında dağların altından çəkilən 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Məqsəd odur ki, çətin relyefə malik olan bölgəyə gediş-gəliş asanlaşsın.

Xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, muzeylər, məscidlərin bərpası da diqqət mərkəzində saxlanılır. Hökumət bölgədə “ağıllı kəndlər”, park-şəhərlər salmağı planlaşdırır.

Qarabağ zonası həmişə füsünkar təbiəti, təmiz havası, səfalı və gəzməli yerləri, müalicəvi əhəmiyyətli mineral suları ilə diqqət mərkəzində olub. Əsasən, dağlıq və dağətəyi zona olan bu ərazilərin təbiəti çox zəngindir: hər tərəf dağlar, meşələr, çaylar, göllər - bir sözlə, cənnətə oxşayan yerlərdir. Bu baxımdan xüsusilə Şuşa, Kəlbəcər, Laçın, Hadrut və Zəngilanda turizmin inkişafı üçün əlverişli şərait var.

Qarabağ həm də qədim tarixi abidələr, körpülər, qalalar, mağaralarla məşhurdur. Məsələn, dünyada ən qədim insanın yaşayış məskənlərindən biri Qarabağın Xocavənd rayonu ərazisində yerləşən “Azıx” mağarasıdır.
Bölgədə turstlər üçün maraq doğuran qədim tarixi tikililərdən biri də Kəlbəcərdəki "Xudavəng", yəni "Tanrı məbədi" adlı monastır kompleksidir. Digər rayonlar da turistlər üçün cəlbedici olan qədim dövrlərə aid kurqanlarla zəngindir.

Kəlbəcər rayonu ərazisində dağ xizək və digər qış idman növləri üzrə komplekslərin yaradılması, kanat yollarının çəkilişi qış turizmi üçün böyük imkanlar yaradacaq.

Bölgənin qeyri-adiliklərindən bəhs edərkən şübhəsiz ki, Kəlbəcər rayonundakı İstisu mineral bulaqlarından danışmamaq mümkün deyil. Bu müalicəvi su rayona sağlamlıq turizmi baxımından böyük imkanlar qazandırıb.
İstisu təbiətin Kəlbəcərə bəxş etdiyi bir nemət olaraq Azərbaycanı dünyaya tanıdan və loğman kimi neçə-neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyudur. 12 bulaqdan ibarət olan İstisu kimyəvi tərkibinə, yüksək temperaturuna görə dünyada tayı-bərabəri olmayan müalicəvi xüsusiyyətə malikdir. İstisu ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
Vaxtilə burada böyük sanatoriya və mineral sudoldurma zavodu fəaliyyət göstərib. Ermənilər işğal zamanı həmin müssisələri dağıdıblar. İndi Azərbaycan hökuməti “İstisu” sanatoriyasını və zavodunu yenidən qurmağa başlayıb.

2022-ci il iyunun 26-da Kəlbəcər rayonuna səfər edən Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq.
Vaxtilə məşhur olan “İstisu” mineral suyu yenidən qablaşdırılaraq həm Azərbaycanda satılacaq, həm də xaricə ixrac ediləcək.

2020-ci ildə işğaldan azad edilmiş Qarabağın bəzi şəhər və rayonlarına artıq xüsusi avtobus reysləri də açılıb. Turizm şirkətlərinin verdiyi məlumata görə, nəinki yerli vətəndaşlar, hətta xarici turistlər də Qarabağa səfərlə bağlı müraciətlər edirlər.

Azərbaycan Prezidentinin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov deyir ki, 2025-ci ilə qədər işğaldan azad edilmiş bölgəyə 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi proqnozlaşdırılır.
Onun sözlərinə görə, Qarabağın tarixi, mədəni və mənəvi irsinin dünyada geniş təbliği nəzərdə tutulur ki, əcnəbi turustlər ərazi barədə xəbərdar olsunlar.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Əlcəzair mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız