Proje

Azərbaycan hökuməti Qarabağda cənnət vəd edir

Azərbaycan hökuməti Qarabağda cənnət vəd edir
3Noyabr 202218:25

Azərbaycan Respublikası Ermənistanın işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində rayonları, şəhərləri, kəndləri indiki dövrün tələblərinə uyğun bərpa etmək üçün ardıcıl işlər görür. Bölgədə yollar, enerji, su təminatı sistemi, digər infrastukturlar tamamilə dağıdıldığından, iqtisadi sahəni sıfırdan dirçəltmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu regionun inkişafından danışarkən deyib: “Biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Nə qədər bahalı olursa-olsun, bunu edəcəyik!”. 

Dövlət başçısının imzaladığı sənədlərdən biri “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” adlanır. “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün isə ilk növbədə iqtisadi sahə canlanmalıdır.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün dövlət məmurlarından ibarət Əlaqələndirmə Qərargahı yaradılıb və işlər buradan idarə olunur.

Mütəxəssislər deyirlər ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük iqtisadi potensiala malikdir. Regionun iqtisadi potensialından səmərəli istifadə etməklə ciddi uğurlar qazanmaq olar. Çünki Qarabağın iqtisadiyyatı tarixən çoxsahəli xa­rakter daşıyıb. Bu ərazilər Azərbaycanın təbii sərvətlərlə ən zəngin regionlarından biridir. Azərbaycanda olan faydalı qazıntı ehtiyatlarının 1/3 hissəsindən çoxu Qarabağ və Şərqi Zəngəzur zonasının payına düşür. Bu region qızıl, mis, qurğuşun, sink, mineral və termal sular, müxtəlif tikinti mate­rialları ilə zəngindir. Məsələn, Azərbaycanın mineral su ehtiyatlarının 40 faizə qədəri işğaldan azad edilmiş torpaqlardadır.
Azad edilmiş ərazilərdə həm də nəhəng su resursları - böyük çaylar var ki, bunun hesabına aqrar sahədə suvarma işlərini aparmaq asanlaşacaq.

İşğaldan azad olunmuş ərazilər saf iqlimi, məhsuldar torpağı ilə də seçilir. Bu isə o deməkdir ki, həmin regionda kənd təsərrüfatı potensialı da yüksəkdir. Bölgədə 250 min hektardan çox məhsuldar torpaq var.
 
Azərbaycan parlamentinin Qarabağdan olan deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu ərazilərdə taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük, baramaçılıq, bostançılığın inkişaf etdirilməsi üçün münbit şərait var. 
Vaxtilə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizi işğaldan azad olunmuş ərazilərin payına düşürdü. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı da var.
Deputat bildirib ki, Qarabağın işğaldan azad edilməsi həm də Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Proqnozlara görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edə biləcək. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı Azərbaycanda dənli bitkilər üzrə vəziyyəti də xeyli yaxşılaşdıraq.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Qarabağda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin yaradılması Azərbaycanın qlobal bazarlara çıxış imkanlarını da artıracaq.
Artıq Füzuli rayonunda Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. Yaxın bir neçə gündə Zəngilan Beynəlxalq Hava Limanının da açılışı olacaq. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.

İlkin təhlillərə görə, işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı 10 min meqavat təşkil edir. Artıq bölgədə bir neçə su elektrik stansiyasının açılışı olub. Su elektrik enerjisinin ümumi gücü 500 meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Hazırda Cəbrayıl rayonunda mühüm enerji obyektləri - “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları tikilir. Onların ümumi enerji gücü 140 meqavat olacaq. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının inşasına başlanılacaq.
Azərbaycan hökuməti Qarabağı “yaşıl enerji” zonası elan edib, çünki burada külək və günəş enerjisi əldə etmək üçün yaxşı imkanlar var. Bu səbəbdən də hökumət alternativ enerji sahəsinə sərmayə qoymaq üçün xarici investorlara çağırış edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Qarabağda sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik sənaye parkları yaradılır. “Araz Vadisi Sənaye Parkı” və “Ağdam Sənaye Parkı” investorlar və sahibkarlar üçün iqtisadi potensialın reallaşdırılmasına xidmət edir.
Artıq Qarabağda və Şərqi Zəngəzurda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə də konkret əməkdaşlıq qurulub. İtaliya, Türkiyə, Macarıstan, İsrail şirkətləri əməli fəaliyyətə başlayıb.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin etmək üçün müasir və abad yaşayış mühiti qurmağı vəd edib. İndi bölgədə salınacaq şəhərlərin və kəndlərin baş planları hazırlanır.
İlk növbədə müasir infrastrukturu, rahat həyat tərzi və müasir xidmətləri olan “ağıllı kənd” (Smart Village) və “ağıllı şəhər”lərin (Smart City) salınmasına başlanılıb. Bu ilin mayında Zəngilanda ilk “ağıllı kənd” istifadəyə verilib və məcburi köçkünlər artıq ora qayıdıblar.
Hökumət Qarabağ və Şərqi Zəngəzura qayıdacaq sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar da hazırlamaqdadır.
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə orada dayanıqlı iqtisadiyyata nail olmaq üçün həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fondu da yaradıb.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız