Proje

Dünyaya səs salan Qarabağ atları

Dünyaya səs salan Qarabağ atları
5Noyabr 202218:28

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi çox qədim tarixə malik olan bir ərazidir. Bu region özünün zəngin mədəniyyəti və incəsənəti ilə bütün dünyada məşhurdur. Qarabağı Azərbaycan incəsənəti və mədəniyyətinin mərkəzi də hesab edirlər.

Amma Qarabağ təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, həm də atları ilə dünyaya səs salıb. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Vaxtilə bu atların nəsli tükənmək təhlükəsi ilə üzləşəndə - 1948-ci ildə Qarabağ bölgəsindəki Ağdam rayonunda “Atçılıq zavodu” yaradılıb. Məhz bu zavod sayəsində Qarabağ atlarının nəslini qorumaq mümkün olub, onları yenidən artırıblar. Həmin zavod indi də Azərbaycanda fəaliyyət göstərməkdədir.

Yeri gəlmişkən, 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal edərkən Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar, amma buna nail ola bilməyiblər. Ağdam Atçılıq Zavodunun rəhbərliyi vaxtında tədbir görərək, Qarabağ atlarını döyüş bölgəsindən çıхara bilib.
Hazırda Ağdam Atçılıq Zavodunda 200 başdan çix Qarabağ atı bəslənilir.

Mütəxəssislər deyirlər ki, Qarabağ atları dünyada tanınan at növlərindən bir çox xüsusiyyətlətilə fərqlənir. Qarabağ atları həm soyuq, həm də isti iqlimə tez uyğunlaşır. Dağ-minik at cinsi olan Qarabağ atlarının 4 növü mövcuddur. Onlar yüksək sürəti ilə seçilir. Qarabağ atı hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Onların xarici görkəmlərində diqqəti cəlb edən digər xüsusiyyətlər bunlardır: başları kiçik, burun pərləri enli, gözləri bir qədər böyük olur, möhkəm əzələli bədən quruluşuna malikdir. Qarabağ atlarının döş qəfəsi enli, ayaqları isə nazik olur.

Qarabağ atını digər atlardan fərqləndirən həm də onun gözəlliyidir. Belə ki, onların yalı və quyruğu tünd şabalıdı rəngdə, özü isə parıldayan narıncı-qızılı rəngdədir. Tüklərində sanki qığılcım dənələri parlayır.

Qarabağ atları dözümlüdür və yemə qarşı tələbkar deyil. Eyni zamanda, itaətkar və sahibinə sadiqdir, uzaq məsafələrdə yorulmayan xüsusiyyətə malikdir.

Müxtəlif  məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. Mütəxəssislər Qarabağ atını yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atları ilə bərabər tuturlar.

Qarabağ atının xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu atlar ən sürətli yürüş zamanı birdən - birə dayana bilir, minik zamanı az tərləyir.

Qarabağ atları dəfələrlə müxtəlif beynəlxalq sərgilərdə iştirak edib və yüksək yerlər tutublar. Hələ 1867-ci ildə “Xan” ləqəbli Qarabağ atı Fransada keçirilən sərgidə gümüş mükafat alıb. O zaman bu atı görən fransız qadınlar onun rənginə valeh olub və öz saçlarını da parıltılı narıncı-qızılı rəngdə boyamağa başlayıblar.

1956-cı ildə Böyük Britaniyaya səfər edən keçmiş Sovet İttifaqının rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodunda yetişdirilən “Zaman” adlı Qarabağ atı hədiyyə edib.
"Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan atı kimi tarixə düşüb. Həmin at sonradan İngiltərə, Fransa və Almaniyada damazlıq at kimi istifadə olunub.
1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması bu cinsin yayılmasında mühüm rol oynayıb.


Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin Qarabag atlarına xüsusi sevgisi vardı. Təsadüfi deyil ki, kraliça Qarabağ atlarına belə bir qiymət verib: “Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabag atları bu üzüyün qaşıdır”.
Son illərə kimi kraliçanın ən özəl mərasimlərində Qarabağ atlarının şousu nümayiş etdirilirdi.
Sonuncu dəfə 2022-ci ilin may ayında Britaniyadakı Vindzor sarayında mərhum kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından “Şöhrət” adlı Qarabağ atı hədiyyə olunmuşdu.

2021-ci il iyunun 15-də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinə - Şuşa şəhərinə rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana isə “Zəfər” adlı Qarabağ at bağışlanıb.

2022-ci ilin aprelində Azərbaycanda ilk dəfə Qarabağ atlarının hərrac vasitəsi ilə satışı həyata keçirilib. Bu hərracda “Sultan” adlı ata 30 min Azərbaycan manatı (17650 ABŞ dolları) qiymət qoyulub.

Qarabağ atları Azərbaycanın milli sərvəti hesab olunur. Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız