Proje

Qarabağ Azərbaycanın konservatoriyasıdır

Qarabağ Azərbaycanın konservatoriyasıdır
15Noyabr 202220:27

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi təkcə mühüm tarixi-coğrafi ərazi deyil, həm də zəngin mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi mərkəzi olaraq unikal bir yerdir. Yəni Azərbaycan mədəniyyəti və incəsənətinin formalaşmasında Qarabağın rolu əvəzsizdir.

Təəssüf ki, 1992-2020-ci illəri əhatə edən işğal dövründə Qarabağın əksər mədəniyyət obyektləri, muzeyləri, məscidlər, memarlıq nümunələri ermənilər tərəfindən talan edilib. Nəticədə qiymətli eksponatlar, xalçalar, rəsm əsərləri,  görkəmli şəxsiyyətlərin xatirə əşyaları ya oğurlanıb, ya da məhv edilib. Məhv edilən həmin xəzinələr isə təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

30 illik işğal dövründən sonra indi Qarabağa qayıtmağa başlayan azərbaycanlılar orada qurub-yaratmaqla yanaşı, mədəniyyət və incəsənət sahəsini, dini ibadətgahları dirçəltmək istiqamətində işlər görür, muzeylər inşa edir, məscidlər tikirlər.

Nə yaxşı ki, Qarabağın qorunub saxlanan mədəniyyət və incəsənət nümunələri az deyil. Belə nümunələr isə həm də dünyanın ən zəngin muzeylərində də saxlanılmaqdadır. Bu gün Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten” kimi məşhur muzeylərinin zəngin kolleksiyaları arasında Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Qarabağ el sənətinin böyük və zəngin tarixi var. Bu bölgədən tapılmış qədim qab-qacaq, bəzək nümunələri, zərgərlik əşyaları həm tarixi faktdır, həm də onları yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə və toxuculuqda özünü büruzə verir. 

Müxtəlif dövrlərdə Qarabağda zərif naxışlarla toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Vaxtilə bu xalçaların sorağı Qərbi Avropa və Şərq ölkələrindən gəlirdi. İndi onların bəziləri dünyanın məşhur muzeylərində mühafizə olunur.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Bu xalçaların parlaq rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.

Dulusçuluq Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub və bu günə qədər öz əhəmiyyətini saxlayıb. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.


Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik ənənələri var. Qarabağ musiqi sənətində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı özünəməxsus yer tutur.
Qarabağı haqlı olaraq Azərbaycanın konservatoriyası adlandırırlar. Burada yaşayıb-yaratmış xanəndələrin, çalğıçıların Azərbaycan musiqisinin zənginləşməsində əvəzsiz xidmətləri olub. 

Qarabağ zəngin memarlıq irsinə malikdir. Buradakı bir çox tarixi-memarlıq abidələrinin yaşı min illərlə ölçülür. Qarabağda tapılmış daş qoç, at fiqurları, daşlar üzərindəki təsvirlər qədim mədəniyyətdən xəbər verir. Təəssüf ki, qədim memarlıq abidələrinin bir çoxu – türbələr, məscidlər, qalalar, körpülər erməni işğalı nəticəsində dağıdılıb. 

Qarabağda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.

Qarabağda dekorativ-tətbiqi sənətin digər növləri - zərgərlik, misgərlik, şəbəkə sənəti də geniş yayılmışdı. 

Qarabağ mətbəxi spesifik xörəkləri ilə fərqlənməklə Azərbaycan kulinariyasının əsas hissəsini təşkil edir. Plov Qarabağ xörəklərinin şahı sayılır.

Qarabağ bölgəsindən danışarkən mütləq Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa şəhərindən də bəhs etmək lazımdır. Bu şəhərin təməli 1750-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Pənahəli xan Qarabağ xanlığının banisi, Şuşa isə Qarabağın döyünən qəlbidir. Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixində mühüm rol oynayan bir çox məşhur şəxsiyyətlər məhz bu şəhərdə anadan olub, orada yaşayaıb-yaradıblar.
Müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycanın dövlət himninin bəstəkarı Üzeyir Hacıbəyli məhz bu şəhərin yetirməsidir. Məşhur şairə Xurşudbanu Natəvan, rəssam Mir Möhsün Nəvvab, opera müğənnisi Bülbül, muğam ifaçıları Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər Şuşada doğulub-böyüyüblər.

Qarabağın digər tarixi şəhəri Ağdam müharibədən əvvəl qeyri-adi memarlığa malik üçmərtəbəli Çay evi, nadir Çörək muzeyi ilə məşhurlaşmışdı. Bu şəhər həm də son illər Avropanın Çempionlar Liqasında çıxış edən “Qarabağ” futbol komandasının vətənidir. 

XII əsrdə Araz çayı üzərində inşa edilmiş Xudafərin körpüləri də Qarabağın Cəbrayıl rayonu ərazisində yerləşir. On beş tağlı böyük körpü hələ də keçmiş əzəmətini qoruyub saxlayır.

Qarabağdakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası isə dünyada ən qədim insan məskənlərindən biridir: burada ilk insanların Paleolit dövründə məskunlaşdığı güman edilir. 1968-ci ildə mağarada 350-400 min il əvvəl yaşamış neandertal qadının alt çənə sümüyü tapılıb.

Göründüyü kimi, Azərbaycanın dilbər guşəsi olan Qarabağ zəngin ənənələrin formalaşdığı tarixi mədəniyyət diyarıdır. Bu ənənələr min illər boyu nəsildən-nəslə ötürülmüşdür. İndi Qarabağ məsəniyyəti və incəsənətinin yenidən inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət mərkəzindədir.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız