Proje

Cənubi Qafqazda yeni reallıq: “Zəngəzur dəhlizi” açılacaq?

Cənubi Qafqazda yeni reallıq: “Zəngəzur dəhlizi” açılacaq?
25Noyabr 202220:46

2020-ci ilin payızında baş vermiş 44 günlük Ermənistan-Azərbaycan müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Bu reallıqları dünyanın əsas güc mərkəzləri də qəbul edir. 

Bu günlərdə müharibənin başa çatdığını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 2 ili tamam olacaq. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalamış həmin bəyanat Ermənistanın müharibədə təslim olma aktı kimi də qiymətləndirilir.

Bəyanatın 9-cu bəndinə görə, Azərbaycanla Ermənistanın yerləşdiyi bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Bura xəritədə Azərbaycanın bir-birindən ayrı düşən ərazilərini - Naxçıvan Muxtar Respublikası ilə ölkənin qərb rayonlarını - birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da daxildir. Həmin nəqliyyat kommunikasiyaları isə Ermənistan ərazisindən keçəcək.

Beləliklə, üçtərəfli razılaşmaya görə, Ermənistan öz ərazisindən Azərbaycanın iki bölgəsini birləşdirən kommunikasiya xətti açmalıdır. Azərbaycan tərəfi həmin xətti şərti olaraq “Zəngəzur dəhlizi” adlandırır. Bu dəhliz boyu 40 km uzunluğunda avtomobil və dəmir yolları salınacaq.

Amma təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından 2 il keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Ermənistanın baş naziri Nikol Paşinyanının bu öhdəlikləri icra etməkdən ehtiyatlanmasının bəzi səbəbləri var: 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayandan sonra ölkədə yaranmış siyasi böhranın dərinləşməsi, müxalifət partiyalarının baş nazirə təzyiqi, sülhə qarşı çıxan bəzi daxili qüvvələrin revanşist bəyanatları və s.

Hazırda Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan bölgədə sülhün bərqərar olmasında xüsusilə maraqlıdır. Azərbaycan tərəfi danışıqlarda əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Bununla yanaşı, rəsmi Bakı regionda sülhün möhkəmlənməsi üçün İrəvandan üzərinə götürdüyü öhdəlikləri icra etməyi, o cümlədən “Zəngəzur dəhlizi”ni açmağı istəyir.

Azərbaycanla yanaşı, bölgədə söz sahibi olan Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaqda və iki ölkə arasında sərhədlərin açılmasında maraqlıdır. Hazırda həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan danışıqları gedir. Bu danışıqların əsas hədəfi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsinə, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasına nail olmaqdır.

Hazırda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara həm Avropa İttifaqı (Aİ), həm də Rusiya Federasiyası vasitəçilik edir. Hər iki tərəf vasitəçilik məsələsində bir-birindən öndə olmağa, təşəbbüsə sahiblənməyə çalışır. Bu rəqabət isə bəzən danışıqlara mənfi çalarlar gətirir, prosesin uzanmasına, sülh müqaviləsinin ləngiməsinə səbəb olur.

Ermənistanın özünün də qeyri-konstruktiv mövqeyi, sülhdən yayınması bölgədə təhlükəsizliyə zərbə vurur. Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Halbuki, sülh müqaviləsinin imzalanması Ermənistanın özü üçün də faydalıdır.

Eyni zamanda, yuxarıda bəhs etdiyimiz “Zəngəzur dəhlizi”nin açılması da Ermənistanın gələcəyi baxımından çox böyük əhəmiyyətli layihə hesab olunur.
Ekspertlərin sözlərinə görə, “Zəngəzur dəhlizi”ndən təkcə Azərbaycan deyil, Ermənistan da mənfəət əldə edəcək, ona əlavə imkanlar yaranacaq. Baxmayaraq ki, rəsmi İrəvan ya hələ ki bunu anlamaq istəmir, ya da kənar qüvvələrin təsiri nəticəsində müsbət addım ata bilmir.

Qeyd etmək 44 günlük müharibədən qalib ayrılan Azərbaycanın iştirakı ilə hazırda regionda bir sıra strateji layihələr reallaşır. Zəngin neft-qaz yataqlarına malik olan Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib.


Beynəlxalq ekspertlər deyirlər ki, “Zəngəzur dəhlizi”nin açıması bölgədə reallaşan strateji layihələrin icrasına müsbət təsir edəcək, daha əlverişli regional tranzit imkanları yaranacaq. Eyni zamanda, Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı qurulacaq, Avrasiya məkanında sərnişin və yük daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. “Zəngəzur dəhlizi” Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycandan və Ermənistandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanacaq yükdaşımalarını daha səmərəli edəcək.

“Zəngəzur dəhlizi” ilk növbədə, Cənubi Qafqaz bölgəsinin inkişafında xüsusi rol oynayacaq, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Təbii ki, bunu istəməyən bəzi xarici dairələr var və onlar prosesə mane olmağa, Ermənistana təsir göstərməyə çalışırlar.

Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Zəngəzur dəhlizin”in bölgə üçün əhəmiyyətindən danışarkən deyib:
- “Zəngəzur dəhlizi” ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Cənubi Qafqazda yaranmış bu fürsət pəncərəsini yaxşı dəyərləndirməyin vacibliyini vurğulayaraq, Ermənistana sülh çağırışları edib.
- “Zəngəzur dəhlizi”nin açılması hamıya, o cümlədən Ermənistana sərfəlidir. Amma əgər “Zəngəzur dəhlizi” açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq, - deyə Prezident İlham Əliyev son çıxışlarının birində söyləyib.

Rusiyada Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyilə baş tutacaq görüşdə İlham Əliyev və Nikol Paşinyan sülhə doğru növbəti addım ata bilər. Sülhə doğru atılacaq növbəti addım isə “Zəngəzur dəhlizi” kimi kifayət qədər böyük iqtisadi potensiala malik layihənin gerçəkləşməsini tezləşdirə bilər.


Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız