Proje

Azərbaycan dünyaya “Made in Qarabağ” brendi ilə çıxacaq

Azərbaycan dünyaya “Made in Qarabağ” brendi ilə çıxacaq
20Noyabr 202220:50

Azərbaycan Respublikası 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyi Qarabağ torpaqlarına insanların qayıdışını həyata keçirməyə çalışır. “Böyük Qayıdış” adlanan bu proqramın məqsədlərindən biri də 30 il işğal altında qalmış torpaqlarda iqtisadiyyatı yenidən qurmaq və inkişaf etdirməkdir.

İşğaldan azad edilmiş Qarabağ əraziləri təxminən 11 min kvadratkilometri əhatə edir. Qeyri neft-qaz sektorunun inkişafı üçün bu ərazilərdə geniş potensial var. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı daha çox kənd təsərrüfatı ilə bağlıdır. Heç şübhəsiz ki, müharibə nəticəsində yararsız hala salınmış bu yerlər tezliklə bərəkətli torpaqlara çevriləcək.

İşğaldan azad edilmiş torpaqların dirçəldilməsi və inkişaf etdirilməsi hazırkı dövrdə Azərbaycan dövləti qarşısında dayanan ən mühüm strateji vəzifədir. Bunun üçün ilk növbədə, uzun illər istifadəsiz qalan torpaq sahələri bərpa olunmalı, meliorasiya, irriqasiya sistemləri quraşdırılmalıdır ki, kənd təsərrüfatına yararlı hala gəlsin.

“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi planlaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birləşdirilib. Hər iki iqtisadi rayon üzrə iqtisadiyyatın inkişafının burada tarixən formalaşan ənənələrə uyğun şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Mütəxəssislər deyirlər ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində kənd təsərrüfatının böyük potensialı hesabına Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi mümkündür. Çünki bu yerlərin təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı, coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün çox əlverişlidir.

Vaxtilə (1988-1990-cı illərddə) Azərbaycanda taxıl istehsalının 14,3, pambıq istehsalının 3,3, üzüm istehsalının 31,5, kartof istehsalının 6,3, ət istehsalının 14,5, süd istehsalının 17,1, yumurta istehsalının 3,6, yun istehsalının 19,3, barama istehsalının 17 faizi Qarabağ və Şərqi Zəngəzur bölgəsinin payına düşürdü.
Eyni zamanda, həmin dövrdə ölkə üzrə iribuynuzlu mal-qaranın 15,1, xırdabuynuzlu heyvanların isə 19,2 faizi Qarabağ və Şərqi Zəngəzurda saxlanılırdı.
Mövcud təbii iqlim şəraiti bu sahələrin yenidən dirçəldilməsi və inkişafı üçün əlverişli imkan yaradır.
Aqrar sahə üzrə ekspertlər deyirlər ki, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla bu bölgədə kənd təsərrüfatının prioritet istiqamətlərini müəyyənləşdirmək mümkündür.

Məsələn, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Ağdam rayonunda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcər rayonunda heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, arıçılıq, Laçın rayonunda heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlı rayonunda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzuli rayonunda taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənd rayonunda heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Zəngilan rayonunda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələri inkişaf etdirilə bilər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, insanlar işğaldan azad olunmuş ərazilərə qayıdandan sonra onlara iribuynuzlu və xırdabuynuzlu heyvanlarla təminat üçün zəruri dəstək tədbirləri göstəriləcək. 
“Proqnozlaşdırmalar göstərir ki, orada 400 min baş iribuynuzlu və 1,5 milyon baş xırda buynuzlu heyvan sürüsü formalaşdırılacaq. Konkret olaraq, burada ildə 45 min ton ət, 200 min tondan çox süd istehsalı proqnozlaşdırılır”.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün aqrar təyinatlı torpaqların icarəyə verilməsi də nəzərdə tutulub. Artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bunlardan biri də aqroparkların qurulmasıdır. Bu məqsədlə bölgəyə xarici şirkətlərin də sərmayə yatırmasına şərait yaradılır. Bu il oktyabrın 20-də işğaldan azad edilmiş Zəngilan rayonunda Türkiyə və Azərbaycan şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” adlı ağıllı kənd təsərrüfatı kompleksinin açılışı da bundan xəbər verir. Türkiyə və Azərbaycan prezidentlərinin birgə açılışını etdiyi bu aqropark əsasən heyvandarlıq və əkinçiliklə məşğul olacaq. “Dost Aqropark”ın yaradılması Qarabağa yatırılan ilk özəl sərmayədir.

Bu layihə nəticəsində 6 min hektar ərazidə istehsal müəssisələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

Layihə tam başa çatdırıldıqda 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

Qarabağ ərazilərində kənd təsərrüfatının arıçılıq sahəsinin inkişafı da nəzərdə tutulur. Vaxtilə Azərbaycanda arıçılığın ən çox inkişaf etdiyi bölgələrdən biri Qarabağ olub. Bu da həmin yerlərin saf təbiəti ilə bağlıdır. Qarabağda 600-ə qədər bal verən bitki növü bitir. Elə buna görə də Qarabağ balı öz keyfiyyətinə görə digərlərindən seçilir. İndi Qarabağda arıçılığı yenidən inkişaf etdirməyə başlayıblar. Qarabağ balının da yaxın gələcəkdə dünya bazarına çıxarılması gözlənilir.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız