Proje

İlham Əliyevin diplomatiyası - Qarabağ problemi tarixdə qalır

İlham Əliyevin diplomatiyası - Qarabağ problemi tarixdə qalır
23Noyabr 202221:03

Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsində qələbə qazanmasından 2 il ötür. 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixləri aralığında davam etmiş 44 günlük müharibədəki qələbədə təkcə Azərbaycan Ordusunun gücü deyil, həm də Prezident İlham Əliyevin diplomatik siyasəti mühüm rol oynayıb.

Məhz İlham Əliyevin uğurlu diplomatik gedişləri Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Bu qələbə ilə Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı. Eyni zamanda, azərbaycanlılar haqqında məğlub xalq sindromu sındı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq.

Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən - 1990-cı illərdən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuşdu. Bu işğal zamanı Ermənistan tərəfindən dünyanın müasir tarixinin ən dəhşətli soyqırımı olan Xocalı qırğını törədilmiş, 1 milyona yaxın azərbaycanlı öz torpağından didərgin düşmüşdü.

Rəsmi Bakının diplomatik səyləri nəticəsində qəbul olunmuş beynəlxalq  sənədlərdə (məsələn, BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələri) Azərbaycanın ərazi bütövlüyü tanınır, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir, işğalçı qüvvələrdən Azərbaycan torpaqlarından çıxmaq tələb olunurdu. Amma həmin qərar və qətnamələr 30 il ərzində təcavüzkar dövlət tərəfindən icra olunmadı.

Azərbaycan 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların vasitəçiliyilə aparılan danışıqlar prosesinə sadiq qaldı. Rəsmi Bakının konstruktiv mövqeyi sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların geri dönüşünün təmin edilməsindən ibarət idi.

Ermənistan isə həm danışıqlar prosesini ləngidir, həm Azərbaycan işğal altındakı torpaqlarında qanunsuz olaraq möhkəmlənmək məqsədi güdür və həm də öz havadarları sayəsində təcavüzkar siyasətini davam etdirirdi.

Uzun illər sürən danışıqlar nəticəsiz qaldığına görə, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə məcbur oldu. Nəticədə həm də BMT qətnamələrini Azərbaycanın özü icra etmiş oldu.

Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsini istəməyən bəzi böyük dövlətlər müxtəlif yollarla buna mane olmağa çalışdı. Amma Prezident İlham Əliyevin diplomatiya meydanındakı mübarizəsi, uğurlu xarici siyasəti bu maneələri aşmağa kömək etdi. Bu dövr ərzində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, Azərbaycana səfər edən beynəlxaql nümayəndə heyətləri ilə keçirilən görüşlər, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr İlham Əliyevin diplomatik fəaliyyətinin əsasını təşkil etdi.

İlham Əliyev diplomatik bacarığı ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, xarici liderləri Azərbaycanın haqq işi uğrunda hərbi yola əl atdığına inandırdı.

“Biz ədaləti bərpa edirik”, - deyən dövlət başçısı xarici mətbuata verdiyi müsahibələr vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

İlham Əliyev 44 günlük müharibə zamanı konkret arqumentlərə, beynəlxalq təşkilatların qərarlarına, beynəlxalq hüquq prinsiplərinə, tarixi faktlara dəqiq istinad edərək Azərbaycanın haqlı olduğunu bütün dünyaya isbatladı.

Artıq Azərbaycan işğal altındakı torpaqlarının böyük hissəsini azad edilib. Amma Qarabağın mərkəzi Xankəndi şəhəri, Xocalı, Xocavənd rayonları hələ ki qanunsuz erməni silahlı birləşmələrinin nəzarətində qalır. Baxmayaraq ki, bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.
Hazırda rəsmi Bakı Rusiya, ABŞ, Avropa İttifaqının vasitəsiçiliyə aparılan danışıqlarda qanunsuz silahlı dəstələrin qeyd-şərtsiz Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən  çıxarılmalısını tələb edir. Bu tələb müharibənin dayandırılması üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da öz əksini tapıb. Təəssüf ki, Ermənistan tərəfi hələ ki Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır, yenə də danışıqlar prosesini pozmağa çalışır. Amma rəsmi Bakının diplomatik gedişləri göstərir ki, Ermənistan gec-tez sülh müqaviləsi bağlamağa məcbur olacaq.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası üçün diplomatik fəaliyyət aparır. Rusiya və Avropa İttifaqının vasitəçiliylə aparılan danışıqlarda bildirilir ki, Qarabağda yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşları kimi ölkə Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər.

Prezident İlham Əliyev artıq bütün dünyaya bəyan edib ki, “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır”. Eyni zamanda, dünyaya “Dağlıq Qarabağ problemi tarixdə qaldı” mesajı verib. Və dünyanın əsas güc mərkəzləri də yeni reallıqları qəbul edib. 
İndi İlham Əliyevin rəhbərliyi ilə praqmatik xarici siyasət yürüdən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. 

Təsadüfi deyil ki, noyabrın 1-də Əlcəzairin paytaxtında keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ilk dəfə qeyri-ərəb dövlətinin lideri kimi Azərbaycan Prezidenti İlham Əliyev də Fəxri qonaq statusunda dəvət olunub.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız