Proje

Məscidlərimizi təhqir edən "qonşular"

Məscidlərimizi təhqir edən /
29Sentyabr 202222:25

Azərbaycan Respublikası dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biridir. Belə ki, Azərbaycanın əzəli və tarixi torpaqlarının 20 faizi 30 il ərzində qonşu Ermənistan dövləti tərəfindən işğal altında saxlanılıb.
Nəhayət 2020-ci ilin payızında aparılan 44 günlük müharibə nəticəsində Azərbayacan öz torpaqlarını işğaldan azad edib.

Torpaqlar işğaldan azad edildikdən sonra məlum olub ki, erməni işğalçıları həmin ərazilərdəki bütün dini abidələri, o cümlədən məscidləri yerlə-yeksan edib, qəbiristanlıqları isə dağıdıblar.

Azərbaycanın ən çox dağıdılan mədəni irs nümunələri içərisində məscidlər və digər inanc yerlərinin mütləq əksəriyyət təşkil etməsi erməni işğalçılarının İslam dininə qarşı dözümsüzlüyündən irəli gəlir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ermənistan işğal etdiyi ərazilərdəki 67 məsciddən 65-ni vandallıqla dağıdıb. İşğalçılar bununla kifayətlənməyiblər. Onlar məscidləri təhqir etmək üçün uzun müddət həmin dini abidələrin içərisində donuz, inək və başqa heyvanlar saxlayıblar.

Məsələn, Ağdam, Zəngilan, Qubadlı rayonu işğal altında saxlanılarkən oradakı məscidlər yandırılıb, daxili və xarici divarları üzərində müxtəlif təhqiramiz ifadələr və sözlər yazılıb. İşğalçılar uzun müddət bu məscidləri tövləyə çevirərək orada mal-qara və donuz saxlamaqla müsəlmanları ələ saldıqlarını nümayiş etdiriblər.

Dini ibadət məkanına qarşı həyata keçirilmiş bu vəhşi münasibət Ermənistan Respublikasının bəşəri dəyərlərə hörmətsiz yanaşdığını bir daha göstərir.



Bütün bu faktları on minlərlə insan, o cümlədən xarici qonaqlar, beynəlxaqla siyasətçilər, deputatlar, jurnalistlər, ekspertlər azad edilmiş ərazilərə gedərkən öz gözləri ilə görüblər. Bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb. 

Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycanın dini irsinə qarşı soyqırımı aktı törədib.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə, habelə jurnalistlərlə görüşlərində dəfələrlə bildirib ki, məscidləri dağıdan Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz.
Azərbaycan Prezidenti beynəlxalq təşkilatlara müraciət edərək onları işğaldan azad edilmiş ərazilərdəki məscidlərə baxmağa və hesabat hazırlamağa çağırıb.
Təəssüf ki, Azərbaycanın dini irsinin erməni işğalçıları tərəfindən dağıdılması faktlarına humanitar siyasətlə məşğul olan beynəlxalq təşkilatlar hələ ki lazımi münasibət bildirməyib.


İndi həmin məscidlər Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.

İşğaldan azad edilmiş Qarabağ bölgəsinə səfərləri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dağıdılmış məscidləri ziyarət edir, dualar səsləndirir, İslam dininin müqəddəs kitabı "Qurani-Kərim"i məscidlərə hədiyyə edirlər. 30 ildən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazisindəki məscidlərdə nəhayət azan səsləri eşidilir.

Qeyd edək ki, Azərbaycanda bütün dinlərin məbədləri yüksək səviyyədə mühafizə olunur. Kilsələr, sinaqoqlar, məscidlərə eyni cür münasibət göstərilir. Çünki Azərbaycanda bütün dini etiqadlar qanun qarşısında bərabərdir və tolerant mühitin qorunub saxlanılmas vacib şərtdir.
Hətta ölkənin paytaxtı Bakı şəhərinin mərkəzindəki erməni kilsəsi də dövlət tərəfindən qorunur.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız