Proje

Böyüməyən uşaqlar

Böyüməyən uşaqlar
30Sentyabr 202222:38

Söhbət Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində qanlı müharibədən zərər çəkən azərbaycanlı uşaqlardan gedir. Onların bir qismi fiziki olaraq məhv edilib, digər qismi isə mənəvi sarsıntılara məruz qoyulub.

Ermənistan Azərbaycan Respublikasının 20 faiz ərazisini 30 il işğal altında saxlayıb. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olub, 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvasından dirdərgin düşüb. Onlardan üçdə biri uşaqlardı.

İşğalın davam etdiyi 1988-2020-ci illər ərazində Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti həyata keçirilib. Bu soyqırımı zamanı  minlərlə azərbaycanlı uşaq həlak olub, müxtəlif dərəcəli xəsarət alıb, girov götürülüb, itkin düşüb.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, təkcə 1988-1994-cü illərdə 210 uşaq öldürülüb, 270 uşaq sağlamlığını itirib. Həmçinin, 3393 uşağın valideynlərindən biri, 120 uşağın valideynlərinin isə hər ikisi öldürülüb.

Aparılmış araşdırmalar göstərir ki, azərbaycanlı uşaqlar girovluqda ən vəhşi metodlarla qətlə yetirilib, ömürlük fiziki və mənəvi şikəst edilib. Girov götürülən uşaqlar kütləvi şəkildə dözülməz işgəncələrə məruz qoyulub, təhqir edilib, onların bədən orqanlarından insan alverində istifadə olunub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, hazırda 71 uşaq itkin kimi rəsmi qeydiyyatdadır. Onlardan 29 uşağın girov götürüldüyünə dair şahid ifadələri və digər məlumatlar daxil olsa da, Ermənistan tərəfi faktları inkar edir.


Dövlət Komissiyasının məlumatına görə, beynəlxalq təşkilatların və xarici ölkələrin vasitəçiliyilə aparılan danışıqlar sayəsində indiyə kimi 224 azərbaycanlı uşaq girovluqdan azad edilib.
Erməni işğalçılarının törətdiyi ən qəddar hadisələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində həyata keçirilib. Bu, XX əsrdə insanlıq əleyhinə törədilmiş ən dəhşətli soyqırımıdır.
Hadisə nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Xocalı şəhərində erməni vəhşiliklərinin canlı şahidi olan uşaqların xatirələri dəhşətlidir. Qətliam zamanı hər iki valideynini itirmiş Xəzangül Əmirova adlı qızın dedikləri:

“O vaxt mənim 8 yaşım vardı. İşğal gecəsi atam, anam, mən və iki bacım qaçmağa çalışdıq. Qaçhaqaçda ermənilər anamı vurdular, o, öldü. Bizi mühasirəyə alıb girov götürdülər, sonra 5 yaşlı bacımı güllələdilər.
Ermənilər atamı bir ağaca bağlayıb əvvəlcə işgəncə verdilər. Onların qarşısında diz çöküb yalvardım ki, atamı buraxsınlar. Amma buraxmadılar, onun üstünə benzin töküb yandırdılar. Atam alovlar içində qışqırırdı. Onun gözlərim qarşısında diri-diri yandırılmağı həyatım boyu gözlərimin önündən getməyəcək”. 

Xəzangül Əmirova kimi dəhşətli hekayələri olan uşaqları az deyil. Onlar təcavüzə uğrayan, arzuları yarımçıq qalan böyüməyən uşaqlardı...

Yeri gəlmişkən, Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 məktəbi və 855 uşaq bağçası da tamamilə məhv edib.

Təəssüf ki, Ermənistanın uşaqlarla bağlı beynəlxalq hüquq normalarını pozaraq uşaqlara fiziki və mənəvi işgəncələr yaşatmasına hələ də dünya birliyi lazımı qiyməti verməyib...

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Misir mətbuatındakı yazımız
İraq mətbuatındakı yazımız
Əlcəzair mətbuatındakı yazımız