Proje

“Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” - Ağdam 

“Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” - Ağdam 
1Oktyabr 202218:46

Azərbaycanın Ağdam şəhəri 30 ilə yaxın müddətdə Ermənistan Respublikasının işğalı altında olub. İşğal dövründə yerlə-yeksan olunmuş, daşı-daş üstündə qalmayan bu şəhərdəki tükürpədən mənzərə insanı dəhşətə gətirir.

Ağdam şəhəri Azərbaycanın ən böyük yaşayış məntəqələrindən idi. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyilə Azərbaycanın qədim şəhəri olan Ağdamı və eyni adlı rayonu işğal etdilər... Nəticədə 120 mindən çox insan öz torpaqlarını tərk etməli oldu. Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verdi, 3500-dən çox insan əlil oldu.

Ağdam 27 il erməni işğalı altında qaldı... Bu müddətdə Ağdamda saysız-hesabsız dağıntılar törədildi.. Şəhərdəki bütün tikililər, yaşayış evləri, dövlət binaları, xəstəxanalar, kitabxanalar, məktəblər, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar dağıdıldı...
Ağdamdakı Çörək Muzeyi, Atçılıq Zavodu kimi unikal müəssisələr talan edildi.

Ermənilər Ağdamda ekoloji terror törətdilər - təbiətin “ağ ciyəri” hesab edilən ağac və kol bitkiləri məhv edildi... Su mənbələri, bulaqlar quruduldu...

Bir vaxtlar öz gözəlliyilə seçilən Ağdam canlı bir şəhər idi. İndi isə bu şəhərin gözəlliyindən əsər-əlamət qalmayıb.

Ağdamda törədilmiş vəhşilik, talançılıq, barbarlıq, dağıntı və qarət xarici ekspertlərin, beynəlxalq jurnalistlərin də diqqətindən yayınmayıb. Hələ 2001-ci ildə Ağdama səfər edən məşhur britaniyalı jurnalist və təhlilçi Tomas de Vaal Ağdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq Xirosima gəlmişdi. Jurnalist Ağdamı Yaponiyanın 1945-ci  ildə atom bombası atılmış Xirosima şəhəri ilə müqayisə etmişdi. Tomas de Vaal Ağdamda qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında təsvir edərkən yazıb: “...gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”.



Təsadüfi deyil ki, 2008-ci ildə Avstraliyanın məşhur “Lonely Planet” jurnalı Ağdamı "Qafqazın Xirosiması" adlandırıb. 2010-cu ildə isə Qətərin “Əl-Cəzirə” telekanalının internet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.

Ermənistanın işğalı ilə barışmayan Azərbaycan nəhayət 2020-ci ilin payızında öz torpaqlarını azad etməyə nail oldu. 20 noyabr 2020-ci il tarixində Ağdam 27 illik işğaldan azad edildi.

Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti xarici səfirlər, beynəlxalq ekspertlərin, jurnalistlərin, humanitar təşkilat nümayəndələrinin ora səfərlərini təşkil etdi. Ağdama gedən əcnəbilər orada qarşılaşdıqları mənzərədən – dağıntıların miqyasından dəhşətə gəlirlər...
Bu mənzərəni həm də Azərbaycanın haqlı davasına kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələrin görməsi lazımdır ki, işğalçı ölkənin əməllərinə əyani şahid olsunlar.

Ermənistan Ağdamda daha bir cinayətə imza atıb: hər yeri minalayıblar ki, dinc insanlar azad edilmiş torpaqlara ayaq basanda çox sayda ölüm və itkilər yaşansın.

İndi Azərbaycan hökuməti 27 illik işğaldan sonra Ağdamı yenidən qurmaq üçün işlərə başlayıb – torpaqlara basdırılmış minalar təmizlənir, məscidlər, xəstəxanalar, məktəblər, yaşayış evləri tikilir, yollar çəkilir. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. Rəsmi Bakı bu işlərdə həm də beynəlxalq təşkilatların, xarici ölkələrin dəstəyinə ümid edir.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız