Proje

Azərbaycan xalqı Şəhidləri yad edib

Azərbaycan xalqı Şəhidləri yad edib
28Sentyabr 202209:50

Sentyabrın 27-də Azərbaycan Respublikası 2020-ci ilin payızında aparılmış 44 günlük Vətən müharibəsinin şəhidlərini yad edib.
Söhbət Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları uğrunda həlak olan 3000-dək şəhid hərbçidən gedir. Onlar canlarını Vətənin ərazi bütövlüyü uğrunda fəda etməklə tarix yazıblar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbənin 2 ili tamam olub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Müharubə 44 gün davam etdi və 30 illik işğala son qoyuldu. 30 il Ermənistanın işğalı altında qalan əzəli Azərbaycan torpaqları – Ağdam. Füzuli, Cəbrayıl, Zəngilən, Qubadlı, Laçın, Kəlbəcər rayonları, Şuşa şəhəri düşməndən azad olundu.
Bu qələbə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü idi.

Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək, düşməni doğma torpaqlarından qovmağı bacardı. Və 30 ilədək məğlubiyyət acısı yaşayan Azərbaycan 44 gündə qalib ölkəyə çevrildi.

Azərbaycan 30 il müddətində Ermənistanla müxtəlif səviyyələrdə danışıqlar apardı. Lakin işğalçı dövlət zəbt etdiyi torpaqları sülh yolu ilə boşaltmaq istəmədi.
Danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupu isə Ermənistanı işğalçılıq siyasətinə son qoymağa məcbur edə bilmədi.

Bütün yollar müharibəyə aparırdı: danışıqlar faktiki dayanmışdı, işğalçı ölkə təxribatlarına ara vermir, zorla ələ keçirdiyi ərazilərdən mülki azərbaycanlılara  qarşı terror hücumları törədirdi. Beynəlxalq ictimayyət, xarici təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə biganə yanaşır, işğalçıya “dur!” deməyi lazım bilmirdi.

Artıq bıçaq sümüyə dirənmiş, Azərbaycan xalqının səbri tükənmişdi. Belə bir vaxtda növbəti erməni təxribatları Azərbaycan Respublikasının yeni şəhidlər verməsilə nəticələndi.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqı bir nəfər kimi savaşa qalxdı. Başqa yol qalmamışdı – torpaqları müharibə yolu ilə düşmən əsarətinqən qurtarmaq lazım idi. Ali Baş Komandanın bircə çağırışı ilə on minlərlə gənc könüllü olaraq Orduya yazıldı.


Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi, Azərbaycan Ordusu dayanmadan yalnız irəliyə getdi. Hər gün şəhidlər verərək irəlilədi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. Bu müharibədə Azərbaycanın 300-dən artıq yaşayış məntəqəsi işğaldan azad olundu və işğalçı ölkə kapitulyasiya aktına imza atmağa məcbur qaldı. 6 mindən çox erməni hərbçi məhv edildi, işğalçının 10 mindən çox hərbçisi yaralandı, minlərlə əsgər və zabiti itkin düşdü. Həmçinin, 10 mindən artıq erməni əsgəri müharibə dövründə fərarilik etdi. Ermənistan ordusu haqqında uydurulmuş “məğlubedilməz ordu” mifi darmadağın oldu. Erməni “sərkərdələr” döyüş meydanını atıb qaçdılar.

Azərbaycan Ordusu isə ləqayətlə döyüşdü, ermənilərdən fərqli olaraq dinc insanlara, mülki şəxslərə salah çevirmədi, yaşayış evlərini bombalamadı, əsirlərlə humanist davrandı.

Azərbaycan öz torpaqlarının böyük qismini işğalçılardan azad etdi, regionda yeni hərbi-siyasi reallıqlar yaratdı.

44 günlük Vətən müharibəsində Azərbaycanın 3000-dək döyüşçüsü şəhid oldu. Azərbaycan xalqı şəhid analarının dik, məğrur duruşuna, mətanətinə şahid oldu… Bəzi şəhid anaları oğlanlarının, şəhid qadınları isə ərlərinin tabutunu çiyinlərinə alıb daşımaqla bütün düşməni sevinməyə qoymadı… Oğlunu, ərini, qardaşını cənnətə yola salan azərbaycanlı qadınlar sınmadı, əyilmədi…
Bu gün şəhidlər bütün azərbaycanlıların and yeri, qürur mənbəyidir.
Artıq 2 ildir ki, 27 sentyabr tarixi Azərbaycanda Anım günü kimi qeyd olunur, xalq şəhidlərin xatirəsinə sonsuz ehtiramını ifadə edir.
Budəfəki Anım günündə şəhidlərin xatirəsini yad edən Prezident İlham Əliyev Azərbaycan xalqına deyib:
“Bir daha hər birimiz özünə söz verməlidir, and içməlidir ki, biz torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız
Misir mətbuatındakı yazımız