Proje

Ermənistan 4000-dən çox azərbaycanlı itkini YOX EDİB

Ermənistan 4000-dən çox azərbaycanlı itkini YOX EDİB
8Oktyabr 202212:21

Dünyanın müxtəlif ərazilərində yüz minlərlə insan silahlı münaqişələr nəticəsində itkin düşüb. Qafqaz bölgəsində yerləşən Azərbaycan Respublikası da uzun illərdir itkinlər problemi yaşayır. Buna Ermənistan Respublikasının hərbi təcavüzü səbəb olub.

Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıb. Bu təcavüz nəticəsində Azərbaycan Respublikasının yuxarı Qarabağ bölgəsi işğal olunub.

Məhz işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər xəbər yoxdur.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 30 avqust 2022-ci il tarixinə olan məlumatına görə, 1988-1994-cü illərdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, bu siyahıdakı insanların əksəriyyəti əvəllər erməni əsir və girovluğunda olub, lakin sonralar ya işgəncə səbəbindən, ya da xəstəlikdən ölüblər.

Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb.

İtkin düşən azərbaycanlıların ailələri isə 30 ildir əzab-əziyyət çəkir, öz doğmalarının taleyi barədə məlumat almaq istəyirlər. Müharibə qurbanı olmuş azərbaycanlılarla bağlı həqiqətlərin üzə çıxması minlərlə gözüyaşlı ata-ananın, övladın, həyat yoldaşının, qardaş və bacının təskinlik tapması, gözlərinin yollardan yığılması demək olardı. Onlar 30 ildir bu faciəni yaşamaqdadırlar.

Hazırda 2020-ci ilin payızında (27 sentyabr-10 noyabr) baş vermiş İkinci Qarabağ müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı da davam etdirilir.


Azərbaycanın müvafiq Dövlət Komissiyası itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq edir. Lakin Ermənistan Respublikası itkinlərlə bağlı məlumatları gizlətməklə beynəlxalq hüquq normalarını pozur. Bu ölkə müharibə qaydalarına zidd olaraq, əsir və girovluqda öldürülmüş insanların meyitlərini Azərbaycan tərəfinə təqdim etməyib, eyni zamanda onların dəfn yerləri barədə də məlumatları gizlədir.

Birinci və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi bir sıra kütləvi məzarlıq aşkarlayıb. Bu məzarlıqda onlarla naməlum cəsədin qalıqları tapılıb. Bu faktlar bir daha sübut edir ki, ermənilər vaxtilə qətlə yetirdikləri azərbaycanlı əsir və girovları kütləvi şəkildə torpağa basdırmaqla onların izlərini itiriblər. Həmin azərbaycanlılar isə sənədlərdə itkinlər kimi qeydiyyatdadır.

Məhz bu səbəbdən müvafiq qurumlar itkin düşənlərin bir çoxu barədə suallara cavab verə bilmirlər.

Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.

Azərbaycan itkin düşmüş şəxslərin axtarışı prosesini sürətləndirmək Avropa İttifaqından, Beynəlxalq Qızıl Xaç Komitəsindən kömək istəyib.

Qarabağdakı münaqişə BMT-də dəfələrlə müzakirə edilib. 1993-94-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamə qəbul edib, amma onların heç biri yerinə yetirilməyib.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Əlcəzair mətbuatındakı yazımız

İraq mətbuatındakı yazımız