Proje

Azərbaycandan UNECSO-ya çağırış: Gəlin, təcavüzə baxın!

Azərbaycandan UNECSO-ya çağırış: Gəlin, təcavüzə baxın!
8Oktyabr 202213:28

Cənubi Qafqazda yerləşən Ermənistan Respublikası hazırda monoetnik bir dövlətdir. XIX əsrin əvvəllərində Rusiya və İran arasında bağlanan “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin xaricdən tarixi Azərbaycan torpaqlarına kütləvi köçürülməsi həyata keçirilib.
Regionda marağı olan böyük dövlətlərin dəstəyi ilə tarixdə ilk erməni dövləti 1918-ci il mayın 28-də qədim Azərbaycan ərazisi olan İrəvan xanlığı ərazisində yaradılıb və Ermənistan adlandırılıb. Daha sonra azərbaycanlıların yaşadığı Göyçə və Zəngəzur mahallarını ələ keçirib Ermənistanın tərkibinə qatıblar.

XX əsrin əvvəllərində ermənilərin İran və Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi tədricən dəyişib. Ümumiyyətlə, Cənubi Qafqazda “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979, 1988-1991-ci illərdə yerli azərbaycanlıların öz ata-baba torpaqlarında etnik təmizlənməsi aparılıb. 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı indiki Ermənistanda 250 mindən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. Və bununla da indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlı da qovulub, monoetnik dövlət yaratmağa nail olublar.

İndiki Ermənistan ərazisindən deportasiyalar zamanı azərbaycanlılara qarşı soyqırımları həyata keçirilib, yaşayış yerləri yandırılıb, tarix və mədəniyyət abidələri dağıdılıb, maddi-mədəniyyət nümunələrinin adları dəyişdirilərək erməniləşdirilib. Bölgədəki azərbaycanlı izlərini silməyə çalışan gəlmə ermənilər həmin maddi-mədəniyyət abidələrini ya məhv ediblər ya da “qədim ermənilərə” aid olması barədə saxta tarixi sənədlər hazırlayaraq dünyaya yayıblar.

Ermənistan daha sonra bəzi böyük dövlətlərə arxalanaraq Azərbaycan Respublkasının Qarabağ bölgəsinə də iddia etməyə başlayıb. Ardınca da işğalçılıq siyasəti həyata keçirib. Belə ki, 1988-1993-cü illlərdə Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub.
Həmin ərazilərin bir hissəsi yalnız 30 ildən sonra azad olunub, lakin Qarabağ hələ də Ermənistanın işğalı altında qalıb.

Tarixin bütün dövrlərində Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin kökündə daha çox torpaq ələ keçirmək niyyəti dayanıb. Məqsəd Cənubi Qafqazda “Dənizdən dənizə Böyük Ermənistan” dövləti yaratmaq ideyasını gerçəkləşdirmək olub. Bunun üçün bölgədə ələ keçirilən Azərbaycan torpaqlarında mədəni, tarixi, dini abidələri saxtalaşdırıb, onları mənimsəyiblər.

1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlının deportasiyasından sonra ermənilər tarixi-mədəni irsə qarşı daha qəddar şəkildə davranıblar. Azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, dağların adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə erməniləşdirilib.

1988-1989-cu illərdə azərbaycanlıların Ermənistanda qoyub getdikləri yaşayış məntəqələrində 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb.



Ermənilər indiki Ermənistanda apardıqları vandallıq siyasətini 1988-1993-cü illlərdə Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda da həyata keçiriblər.
Azərbaycanın 2020-ci ilin payızında apardığı 44 günlük müharibədən sonra işğaldan azad edilən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarına gedən azərbaycanlılar bir dənə də salamat tarixi, mədəni və dini abidə tapa bilmədilər. Məlum oldu ki, ermənilər muzeyləri talan ediblər, qiymətli eksponatları, xalçaları daşıyıb aparıblar.

Bu rayonlarda 237 mədəniyyət evi və klub, 24 uşaq musiqi məktəbi, 4 kinoteatr, 65 məscid, 24 muzey, 927 kitabxana, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi tamamilə dağıdılıb.

Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında mədəni, tarixi və dini abidələrə qarşı saxtakarlıq və cinayət əməlləri törətməsi 1954-cü il Haaqa Konvensiyasının, 1992-ci il Avropa Konvensiyasının və UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Qədim Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda məhv edilən mədəni, tarixi, dini abidələri məhv etməklə Azərbaycan xalqına güclü zərbə vurulub.

Azərbaycan rəsmi olaraq dəfələrlə BMT-nin UNESCO təşkilatına işğal olunmuş ərazilərə missiya göndərməyi təklif edib. Təəssüf ki, bu təşkilat təklifdən imtina edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də UNESCO-nun bu yanaşmasını tənqid edib. O deyib:
"Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. UNESCO-nu bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən vurulan ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. Dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır”.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız

Misir mətbuatındakı yazımız