Proje

Yaxın Şərq mediası Azərbaycan həqiqətlərindən YAZACAQ

Yaxın Şərq mediası Azərbaycan həqiqətlərindən YAZACAQ
3İyul 202314:14



"Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Qarabağ həqiqətlərinin ərəbdilli mətbuatla təbliğatı” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir.

“Məqsəd xarici medianın gücündən istifadə etməklə Ermənistanın müharibə cinayətlərini və Azərbaycanın post-münaqişə dövrü problemlərini Yaxın Şərq ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Hazırkı mənzərə belə deməyə əsas verir ki, Ermənistan yaxın tarixdən dərs çıxarmayıb. 30 illik münaqişə ərzində çoxsaylı sülh təkliflərini rədd edən rəsmi İrəvan və erməni kilsəsi Qarabağda separatçılığı körükləməkdən əl çəkmir, ənənəvi “erməni psixologiyası”nın bicliklərindən istifadə etməyə çalışır.

Təəssüf ki, 44 günlük müharibədən sonra sülh sazişini imzalamaqdan yayınan işğalçı ölkə xaricdən – Fransa, Rusiya və digər dövlətlərdən də dəstək almağa davam edir. Qarabağın dağlıq hissəsinin separatçıların nəzarətində olduğunu nəzərə alaraq, problemin hələ bir müddət davam edəcəyini proqnozlaşdırmaq olar.

Postmüharibə dövründə yeni reallıqlar yaradan Azərbaycanın daha da güclənməsi, Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarına son qoyması məhz həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılmasından keçir”,- deyə qurumdan bildirilib.

Təşkilatın təşəbbüsü ilə Mərakeş, İraq, Əlcəzair,Misir, Fələstin kimi bəzi Yaxın Şərq ölkələrinin bir sıra media orqanlarında Ermənistanın müharibə cinayətləri və Azərbaycan həqiqətlərini əks etdirən yazılar dərc olunacaq.

“Yaxın Şərq ölkələrinin seçilmə səbəbi bu bölgənin müsəlman zonası olmasına baxmayaraq, Qarabağ həqiqətləri barədə kifayət qədər məlumatlı olmadığı barədə qənaətlərdi. Üstəlik sözügedən bölgə də müxtəlif münaqişələrdən əziyyət çəkir və  müharibənin ağrı-acıları Yaxın Şərq ölkələrinin xalqlarına yaxşı tanışdır.

Qeyd edək ki, həmin ölkələrdə erməni diasporu da fəaliyyət göstərir. Bu baxımdan bizim aparacağımız maarifləndirmə işi həm də erməni diasporunun qərəzli təbliğatına -  “informasiya savaşı”na qarşı bir növ cavab olacaq”, - İctimai Birliyin açıqlamasında deyilir.