Proje

Qarabağda sülhə nə mane olur...

Qarabağda sülhə nə mane olur...
10İyul 202320:22

1988-ci ildən indiyə kimi müharibə vəziyyətində olan iki qonşu dövlət - Azərbaycan və Ermənistan hələ ki sülh sazişi imzalaya bilmir. Prosesin uzanmasına səbəb isə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiasından əl çəkməməsi, həmin regionda yaşayan ermənilər arasında separatçılığı təbliğ etməsi və orada qanunsuz silahlı dəstələr saxlamasıdır. Bu məsələlərdə Ermənistana bəzi Qərb dövlətləri, eləcə də dünyadakı erməni diasporu və erməni kilsəsi dəstək verir.

İyunun 27-dən 29-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüşlər keçirilib.
ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi Ceyk Sallivanın vasitəçilik etdiyi bu görüşlərdə sülh sazişi üzrə danışıqlar aparılıb. Tərəflər arasında bəzi əsas məsələlər üzrə fikir ayrılıqları qaldığına görə, danışıqların davam etdirilməsi qərara alınıb.

Vaşinqton görüşündə əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri qanusuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması olub. Həmin qoşunların Qarabağdan çıxarılması Rusiyanın vasitəçiliyilə imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da əks olunub. Lakin bu sənədin imzalanmasından 3 ilə yaxın vaxt ötsə də, rəsmi Moskva və rəsmi İrəvan indiyə kimi qanusuz erməni silahlı dəstələrinin bölgədən çıxarılmasını təmin etməyib.

Təəssüf ki, hər dəfə tərəflər arasındakı görüşlər zamanı erməni silahlı dəstələri bölgədə hərbi təxribatlar törədir.

Azərbaycan Prezidenti İlham Əliyev son üç ildəki çıxışlarında dəfələrlə erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını tələb edib. O deyib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. İki dövlət arasında ədalətli şərtlər əsasında delimitasiya aparılmalı, sərhədlər müəyyən olunmalıdır. Prezident bəyan edib ki, rəsmi Bakı istənilən halda regiondakı separatçılığa son qoymağa çalışacaq.
Dövlət başçısı Qarabağda yaşayan ermənilərə dəfələrlə çağırış edib: Azərbaycan qanunlarına tabe olsunlar, Azərbaycan vətəndaşlığını qəbul etsinlər.
Prezident Qarabağdakı separatçıların rəhbərlərini də təslim olmağa çağırıb və deyib ki, ancaq bu halda onlara güzəşt edilə bilər.

Rəsmi Bakı Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələri davam etdirmək istəyir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının nümayəndə heyəti ilə Qarabağ ermənilərinin dialoqu təşkil olunub. Həmin müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Qarabağ ərazisində baş tutub. Daha sonra Azərbaycan Prezident Administrasiyasi müzakirəni davam etdirmək üçün Qarabağ ermənilərini iki dəfə Bakıya dəvət edib. Ancaq Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Qarabağ erməniləri Bakıya gəlməkdən ona görə imtina ediblər ki, bu, onların Azərbaycanın ərazi bütövlüyünü qəbulu anlamına gələcək. Ermənistana və xarici havadarlara güvənən separatçılar isə bunu istəmirlər.
 
Azərbaycan isə özünün daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyasına çalışır.

Ermənistanda suyu bulandıranlar çoxdur. Məsələn, keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan, eks-nazirlər Vardan Oskanyan, Seyran Ohanyan, erməni kilsəsinin rəhbəri katalikos II Qaregin əllərindən gələni edirlər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasın və iki ölkə arasında sülh sazişi imzalamasın. Onlar bunun üçün baş nazir Nikol Paşinyana hər cür yollarla təzyiq göstərirlər.

Baş nazir Nikol Paşinyan da sözdə Azərbayacanın ərazi bötüvlüyünü tanıdığını deyir, amma hələ ki bunu əməldə isbat etməyə tələsmir.

Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatları davam etdirməsi sülh çalışmalarına xələl gətirir.

İndi gözlər Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də keçirəcəyi görüşə dikilib. Tərəflər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə bir araya gələcəklər. Bütün təhdidlərə baxmayaraq, Azərbaycan bu görüşdə sülh gündəliyini irəli aparmaq niyyətindədir.

Avropa İttifaqı da bölgədə möhkəm sülhə nail olmağı arzuladığını bəyan edib.

Xatırlatma: 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında döyüşlərə səbəb olmuşdu. Ermənistan 30 il Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu işğal altında saxlamışdı.
2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər arasındakı döyüşlər 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyilə imzalanmış birgə bəyanatla dayandırılıb.


Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız