Proje

Ermənistan silahlı dəstələrini Azərbaycandan çıxarmaq istəmir

Ermənistan silahlı dəstələrini Azərbaycandan çıxarmaq istəmir
14İyul 202320:22

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu 30 il boyuncaa işğalda saxlayan Ermənistan, qonşu dövlətə qarşı əsassız ərazi iddialarını davam etdirir.

2020-ci ildə baş vermis 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük qismini azad etsə də, Qarabağın dağlıq hissəsi hələ də erməni separatçılarının nəzarəti altında qalır.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi həmin ərazilərdə Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Azərbaycan Ordusu hələ ki bölgəyə müdaxilə etmir. Çünki rəsmi Bakı problemin sülh yolu ilə həllinə tərəfdardır.

Amma 44 günlük müharibədən dərs almayan Ermənistan qanunsuz dəstələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaq istəmir. Rəsmi İrəvan düşünür ki, Qarabağda müəvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın bölgəyə müdaxiləsinə imkan verməyəcək.

Azərbaycanın isə səbri get-gedə tükənir. Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatla özünün silahlı qüvvələrini Azərbaycandan tamamilə çıxarmaq öhdəliyi götürüb.

Aradan 3 il keçməsinə baxmayaraq, rəsmi İrəvan bu öhdəliyinə əməl etmir. Beləliklə, Ermənistan həm də Azərbaycana qarşı ərazi iddilarını sürdürdüyünü nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının bu günlərdə Bakıda keçirilən son toplantısında bir daha Qarabağla bağlı tələbləri elan edib.

“Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Bölgədəki erməni hərbi dəstələti tərk-silah edilməlidir”, - deyə İlham Əliyev bildirib.

Bölgədə sülh yaratmaqda maraqlı olan Azərbaycan Prezidenti İlham Əliyev onu da deyib ki, Qarabağdakı separatçılar təslim olacaqları halda onların əfv olunması məsələsinə də baxılacaq.

“Onlar bir çox fürsətləri qaçırıblar, amma bu fürsəti də qaçırmasınlar”, - deyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bununla da Qarabağda separatizmi dəstəkləyən xarici qüvvələrin təzyiqlərinin nəticə verməyəcəyini bəyan edib.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Ermənistan qoşunlarının Azərbaycandan çıxarılması ilə yanaşı, Qarabağdakı separatçıların qondarma “müdafiə ordusu” deyilən dəstələr də təslim olmalıdır. Yalnız bu halda sülhdən danışmaq olar.

“Hərçənd, atəş açılmadan rəsmi İrəvanın bu öhdəliyi icra edəcəyi, separatçıların isə tərk-silah olmağa razılaşacağı ehtimalı azdır. Bu baxımdan, cənab Əliyevin tələbləri Qoşulmama Hərəkatının toplantısında dilə gətirməsi atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanın Qarabağdakı erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edir ki, orada Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur.

Ekspert deyir ki, Nikol Paşinyanıın bu iddiadan əl çəkməməsi və Ermənistanın  qoşunlarını Qarabağdan çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur.

A.Nərimanlının sözlərinə görə, 3 il boyunca Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının əsas mövzusu və fikir ayrılıqlarından biri erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması olub.

“Ermənistan qoşunlarının Qarabağdan çıxarılması Rusiyanın vasitəçilik etdiyi 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapıb. Lakin rəsmi Moskva da vasitəçi olaraq bu bəndin icrasını təmin etmir. Qoşunların çıxarılması müzakirəsinə ABŞ-ın vasitəçilik etmək istəməsi üçtərəfli bəyanatın legitimliyini sual altına salır. Bu, rusları razılaşmanın icrasına sövq edə biləcək amildir. Əks təqdirdə, Azərbaycan 4-cü bəndi özü icra etməli olacaq”.

Siyasi ekspertin sözlərinə görə, Nikol Paşinyan təkzib taktikasını davam etdirsə və “Qarabağda erməni ordusu yoxdur” iddiasını sürdürsə, onda Qarabağdan çıxarılmayan qanunsuz erməni hərbçilər terrorçular kimi qəbul olunacaq.


Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Misir mətbuatında çıxan yazımız
Əlcəzair mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız