Proje

Azərbaycan minalarla ən çox çirkləndirilmiş 10 ölkə sırasında

Azərbaycan minalarla ən çox çirkləndirilmiş 10 ölkə sırasında
18İyul 202313:20

Azərbaycan işğaldan azad etdiyi ərazilərində nəhəng problemlər yaşayır. Bu problemlərdən biri də minalarla bağlıdır. Belə ki, Azərbaycanın 20 faiz ərazisini - Qarabağı və Şərqi Zəngəzuru 30 il ərzində işğalda saxlamış Ermənistan həmin torpaqlarda külli miqdarda mina basdırıb.

2020-ci ilin payızında Azərbaycan Ordusu 44 gün müharibə apararaq, öz tarixi torpaqlarını qonşu dövlətin işğalından azad etdi. Bu zaman məlum oldu ki, işğaldan azad edilmiş rayonlar - Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa və Ağdam rayonlarının əraziləri başdan-başa mina tarlasına çevrilib. Minalar və partlamamış hərbi sursatlar Azərbaycana işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri aparmağa mane olur.

Bu problemi Azərbaycanın hökumət strukturları, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem kimi beynəlxalq aləmə çatdırır.

Azərbaycan Prezidenti İlham Əliyev də bütün çıxışlarında mina probleminə toxunur. Dövlət başçısı bu günlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən yüksək səviyyəli görüşündə bu məsələyə yenidən toxunub. Prezident deyib ki, Azərbaycan dünyada ərazisi minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Dövlət başçısı bildirib:

“30 il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi. Daha sonra Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirildi. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı yalnız etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdi.

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərimizdə ekosid törətmişdir.

İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir.

60 min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir...


Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş 10 ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır”.

2020-ci ildə Ermənistan kapitulyasiya aktı imzalasa da, mina istehsalını davam etdirir və 3 ildir ki, onları Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Həmin bölgə hələ ki Rusiya sülhməramlılarının və erməni separatçılarının müvəqqəti nəzarəti altında qalmağa davam edir.

Minalar keçmiş məcburi köçkünlərin doğma ərazilərə qayıdışını ləngidir.

Azərbaycanda mina qurbanlarının sayı durmadan artır. 2020-ci il 10 noyabr tarixindən indiyə kimi Azərbaycanda minaya düşən 304 nəfərdən 57-si həlak olub, 247-si xəsarət alıb. Həlak olan 57 nəfərin 44-ü mülki şəxslərdir. Onların arasında jurnalistlər, minatəmizləyənlər və uşaqlar da var. Bu bir daha onu göstərir ki, mina problemi həqiqətən çox ciddidir. Azərbaycan beynəlxalq birlikdən bu problemin həll olunması üçün dəstək istəyib. Çünki Ottava Konvensiyasına görə, minaların təmizlənməsi və onlarla mübarizə məsələləri yalnız ölkələrin daxili işi hesab olunmur.
Minalarla mübarizə insan hüquqları ilə bağlı məsələ olduğuna görə, bu həm də humanitar fəlakətdir. Ona görə də donor ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanın mina problemində haqlı çağırışlarına cavab verməlidirlər.


Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Mavritaniya mətbuatında çıxan yazımız