Rusiya Qarabağdan çıxacaqmı? - Bakının tələbi, Ərdoğanın mesajı
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddəti 2025-ci ildə başa çatacaq. Azərbaycan tərəfi Rusiya hərbçilərinin səlahiyyət müddətinin uzadılmasını istəmir və 2025-də ildə onların bölgəni tərk etməsində maraqlıdır.
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən qonşu Ermənistan isə Qarabağdakı rusiyalı hərbçilərin mandatının 2025-ci ildə sonra uzadılmasını istəyir. Bu da səbəbsiz deyil, Ermənistan məhz Rusiya hərbçilərinə arxalanmaqla tez-tez bölgədə hərbi-siyasi təxribatlara əl atır və Qarabağda yaşayan azsaylı erməni icması arasında separatçılığı qızışdırır.
Rusiya sülhməramlı kontingenti Qarabağa Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra yerləşdirilib. 10 noyabr 2020-cil tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə birgə bəyanat imzalayıb. Üçtərəfli bəyanata əsasən, Rusiyanın 1960 nəfər hərbi qulluqçusu, 90 hərbi zirehli texnikası, 380 ədəd avtomobil və xüsusi texnikasından ibarət sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionuna yerləşdirilib. Ruslar Azərbaycan hərbçiləri ilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələri arasında mövqe tutublar.
Son 3 ildə Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparıb. ABŞ da Avropa İttifaqı formatında aparılan sülh danışıqlarını dəstəkləyir. Amma tərəflər arasında hələlik sülh sazişi imzalamaq mümkün olmayıb.
Ermənistanla Azərbaycan arasında 3 il ərzində aparılan danışıqlarla yanaşı, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri təxribat fəaliyyətini davam etdirib. Bu təxribatlar sülh danışıqlarını pozmaq məqsədi daşıyır. Həmin dəstələr mütəmadi olaraq atəşkəs rejimini pozur, Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan atəşə tutur, mina terroru həyata keçirir, Qarabağa gizli yollarla silah-sursat daşıyırlar.
Qanunsuz erməni silahlıları birbaşa sülhməramlıların gözü qarşısında hərbi təlimlər, o cümlədən atəş hazırlığı da həyata keçirirlər.
Bölgədə asayişi təmin etməli olan Rusiya sülhməramlıları isə bütün bu təxribatlara göz yumur.
Halbuki, 10 noyabr 2020-cil tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları indiyədək qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməli idi. Amma ruslar bunu etməyib.
Bir sözlə, rusiyalı sülhmərmalıların komandanlığı öhdəliklərini yerinə yetirməyə tələsmir. Hətta bu azmış kimi, Rusiya sülhməarmlı kontingentinin yaydığı informasiyalarda Qarabağdakı yaşayış məntəqələrinin adları da uydurma erməni toponimləri ilə qeyd edilir. Azərbaycan tərəfi dəfələrlə buna öz etirazını bildirsə də, Rusiya sülhməramlı kontingenti rəsmi məlumatlarında yol verdiyi səhvi düzəltmək istəmir. Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir və oradakı yaşayış məntəqələrinin adları yalnız Azərbaycan toponimləri ilə qeyd olunmalıdır.
Rusiya dövləti və Prezident Vladimir Putin Cənubi Qafqaz regionunda öz təsirlərini saxlamaq, mübahisəli məsələləri idarə etmək üçün Qarabağdakı hərbi kontingentini oradan çıxarmaq istəmir. Hazırkı dövrdə Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin qalması rəsmi Moskvaya sərf edir və onun əl-qolunu daha da açır.
Qarabağda separatçıların aktivləşməsi onların Rusiya hərbi kontingentinə arxalanmasının nişanəsidir. Separatçılar düşünürlər ki, Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycanın bölgəyə hərbi müdaxiləsinə yol verməyəcək.
Rusiya sülhməramlılarının özlərini qanunsuz erməni silahlı birləşmələrinə yaxın göstərməsi rəsmi Bakını ciddi şəkildə narahat edir.
Bu durumda Azərbaycanın strateji müttəfiqi Türkiyə də artıq hərəkətə keçməyə məcbur olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Litvada keçirilən NATO sammitindəki mətbuat konfransında deyib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etməlidir. Ərdoğan bu açıqlama ilə Ankaranın Bakıya strateji müttəfiq olduğunu bir daha xatırladıb.
“Razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaqlar. 2025-ci ildə isə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram”, - deyə Türkiyə Prezidenti bildirib.
Türkiyə prezidenti ilk dəfə Rusiya sülhməramlıları haqqında bu qədər açıq və konkret şəkildə danışıb.
Siyasi şərhçilər deyirlər ki, Ərdoğanın bu açıqlaması Moskvaya ünvanlanmış mesaj olaraq qəbul edilə bilər. Ekspertlərin fikrincə, Türkiyə prezidenti bununla Azərbaycanın tələbini dilə gətirib və rəsmi Bakının mövqeyini Moskva qarşısında ifadə edib.
Bəs 2025-ci ildə Rusiyanı Qarabağdan çıxarmaq mümkün olacaqmı?..
Suala birmənalı şəkildə cavab vermək çətin olsa da, rəsmi Bakı bu istiqamətdə fəal siyasət yürüdür. Azərbaycan tərəfi 2025-ci ilədək Qarabağda elə bir stabillik yaratmaq istəyir ki, Rusiya sülhməramlılarının bölgədə qalması üçün heç bir bəhanə tapılmasın.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
İraq mətbuatında çıxan yazımız