Proje

Azərbaycan və Ermənstan liderləri görüşdü - Qarabağa sülh gələcəkmi?

Azərbaycan və Ermənstan liderləri görüşdü - Qarabağa sülh gələcəkmi?
24İyul 202320:45

30 ildir ki, Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanın sülhpərvər mövqeyi beynəlxalq siyasi mərkəzlərin və böyük dövlətlərin diqqətindədir. Azərbaycan tərəfi - rəsmi Bakı qonşu Ermənistan dövləti ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalamaq istəyir. Qarşı tərəf isə xarici havadarlarına arxalanmaqla hələ ki buna müqavimət göstərməyə çalışır.

İki qonşu dövlət arasındakı münaqişə Ermənistanın əsassız ərazi iddiları irəli sürməsi və Azərbaycanın Qarabağ bölgəsini zəbt edərək, 30 il işğal altında saxlaması səbəbindən yaranıb.
2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağın dağlıq hissəsi isə hələ də erməni separatçıların nəzarətində qalıb və bölgədə atəşkəs rejiminin qorunması üçün Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilib. Ermənistan separatçıların nəzarətində olan ərazidə - Xankəndi şəhəri də daxil olmaqla Qarabağın dağlıq hissəsində qanunsuz silahlı dəstələr saxlamaqdadır.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini dəfələrlə bəyan edib. Azərbaycan tərəfi hər dəfə sülh danışıqları ərəfəsində öz şərtlərini diqqətə çatdırır: tərəflər bir-birinin ərazi bütövlüyünü tanısın, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası aparılsın, Qarabağın dağlıq ərazilərindəki qanunsuz erməni silahlı dəstələri oradan çıxarılsın, dövlətlər arasında nəqliyyat və iqtisadi əlaqələr bərpa olunsun.
Rəsmi Bakı Qarabağdakı azsaylı erməni icmasının təhlükəsizliyinə də təminat vəd edir, onları Azərbaycan Bayrağı altında yaşamağa, ölkə qanunlarına tabe olmağa, vətəndaşlığı qəbul etməyə çağırır.

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. 

Qeyd etmək lazımdır ki, bu görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyev sülh anlaşması üçün yaxşı fürsət yarandığını deyərək, Ermənistanı sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə köçürməyə çağırmışdı.

“Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində dəyişiklik var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdisə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimizi rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”, - deyə İlham Əliyev bildirmişdi.

Brüssel görüşündə hansısa sənəd imzalanmasa da, tərəflər arasında faydalı müzakirələr davam etdirildi. Şarl Mişelin sözlərinə görə, bu görüşdə, ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması, Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olundu.

“Ən əsası dövlət başçıları Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər”, - Şarl Mişel deyib. Onun sözlərinə görə, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə tərəflər aydın irəliləyiş əldə ediblər. Şarl Mişel Ermənistan və Azərbaycan liderlərini payızda Brüsselə - 7-ci görüşə dəvət edib.

Təəssüf ki, Brüssel görüşündən dərhal sonra Ermənistandakı revanşist qüvvələr, Qarabağdakı separatçıların “rəhbərləri” sülh danışıqları əleyhinə növbəti zərərli açıqlamalar verməyə başlayıblar. Bu açıqlamalar Azərbaycana qarşı təhdidlərlə doludur. Qarabağın dağlıq hissəsində məskunlaşan erməni separatçılarının “başçıları2 Brüssel danışıqlarının gedişi ilə razılaşmadıqlarını, Azərbaycan qanunlarına tabe olmaq istəmədiklərini bəyan ediblər. Onların səsləndirdikləri təhdidlərdə Azərbaycana qarşı yenə də hərbi təxribatlar törədiləcəyinə işarələr vurulub.

Liderlərin Brüssel görüşü sülhə yaxınlaşmaq baxımdan böyük əhəmiyyət kəsb edir. Görüşün gedişatı və səsləndirilən bəyanatlar onu göstərir ki, Azərbaycan sülh mövqeyinə sadiqdir və bütün imkanları ilə regionda sabitliyin yaranmasına çalışır. Ermənistandakı bəzi siyasətçilərin qərəzli mövqeyi, erməni diasporunun lobbiçilik səyləri və separatçıların təhdid dilində danışması isə region üçün son dərəcə vacib olan sülhü ləngitməyə xidmət edir.


Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Əlcəzair mətbuatında çıxan yazımız
İraq mətbuatında çıxan yazımız