Proje

Dünyanın unikal bölgəsi - QARABAĞ

Dünyanın unikal bölgəsi - QARABAĞ
6May 202413:30

Qarabağ Azərbaycan Respublikasının qədim tarixə malik olan unikal bölgəsidir. Bölgənin mərkəzi Xankəndi şəhəridir. Qarabağ bölgəsi 1988-ci ildən 2023-cü ilin sentyabrına kimi Ermənistanın işğalı altında olub. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğal olunması demək idi. Məhz işğal dövründə ermənilər bu bölgəyə milyardlarla dollar həcmində ziyan vurublar: azərbaycanlılar doğma yerlərindən qovulub, onların evləri yandırılıb, şəhərlər və kəndlər xarabalığa çevrilib, məscidlər dağıdılıb, meşələr qırılıb, faydalı qazıntılar talan olunub, mədəniyyət abidələri sökülüb, muzeylər qarət olunub.

Bu azmış kimi, erməni tarixçiləri Qarabağın tarixini saxtalaşdıraraq, buradakı qədim mədəni irsə sahib çıxmağa çalışıblar. Onlar saxta “faktlar” toplayıb, qondarma “hüquqi sənədlər” düzəldərək Qarabağ torpaqlarının ermənilərə məxsus olmasına qanuni don geyindirməyə çalışıblar. Bu işə xarici ölkələrdəki erməni diasporu da cəlb edilib. Təəssüf ki, bir çox hallarda beynəlxalq ictimiayyət də bu yalanlara inanıb.

Beynəlxalq sənədlərdə isə (məsələn, BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələri) Azərbaycanın ərazi bütövlüyü tanınır, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir, işğalçı qüvvələrdən Azərbaycan torpaqlarından çıxmaq tələb olunurdu. Amma həmin qərar və qətnamələr 30 il ərzində təcavüzkar dövlət tərəfindən icra olunmadı.

Azərbaycan 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların vasitəçiliyilə aparılan danışıqlar prosesinə sadiq qaldı. Rəsmi Bakının konstruktiv mövqeyi sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların geri dönüşünün təmin edilməsindən ibarət idi.
Ermənistan isə həm danışıqlar prosesini ləngidir, həm Azərbaycan işğal altındakı torpaqlarında qanunsuz olaraq möhkəmlənmək məqsədi güdür və həm də öz havadarları sayəsində təcavüzkar siyasətini davam etdirirdi.

Uzun illər sürən danışıqlar nəticəsiz qaldığına görə, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə məcbur oldu.
Belə ki, Azərbaycan Ordusu 2020 və 2023-cü illərdə həyata keçirdiyi hərbi əməliyyatlar və antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsini tamamilə işğaldan azad etdi, bununla da ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

30 illik işğal dövründən sonra indi Qarabağa qayıtmağa başlayan azərbaycanlılar orada qurub-yaratmaqla yanaşı, mədəniyyət və incəsənət sahəsini, dini ibadətgahları dirçəldir, məscidlər tikirlər. 30 ildən sonra Qarabağda artıq azan səsləri də eşidilir.

Qarabağ bölgəsi təkcə mühüm tarixi-coğrafi ərazi deyil, həm də füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qədim mədəniyyəti, ədəbiyyatı, incəsənəti və musiqisi ilə zəngindir. Təsadüfi deyil ki, Qarabağ Azərbaycanın “mədəni xəzinəsi” adlandırılır. Yəni Azərbaycan mədəniyyəti və incəsənətinin formalaşmasında Qarabağın rolu əvəzsizdir.

Qarabağ həm də qədim tarixi körpülər, qalalar, mağaralarla məşhurdur. Məsələn, dünyada ən qədim insanınım yaşayış məskənlərindən biri “Azıx” mağarası burada yerləşir.

Bölgənin qeyri-adiliklərindən bəhs edərkən İstisu mineral bulaqlarından danışmamaq mümkün deyil. Dünyanın çox yerində bu müalicəvi dirilik suyudan xəbərdar deyillər.


Qarabağ həm də atları ilə dünyaya səs salıb. Qarabağ atları Azərbaycanın milli sərvəti hesab olunur. Mütəxəssislər Qarabağ atını yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atları ilə bərabər tuturlar.

Qarabağ zonası iqliminə, təmiz havasına, səfalı və gəzməli yerlərinə görə dünyanın ən gözəl yerlərindən biridir. Hər bitkisi min dərdin dərmanı, hər bulağının suyu bir möcüzədir.

Əsasən dağlıq və dağətəyi zona olan bu ərazilərin təbiəti çox zəngindir: hər tərəf dağlar, meşələr, çaylar, göllər - bir sözlə, cənnətə oxşayan yerlərdir.

Müxtəlif dövrlərdə Qarabağda zərif naxışlarla toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Vaxtilə bu xalçaların sorağı Qərbi Avropa və Şərq ölkələrindən gəlirdi. İndi onların bəziləri dünyanın məşhur muzeylərində mühafizə olunur.

Qarabağ mətbəxi spesifik xörəkləri ilə fərqlənməklə Azərbaycan kulinariyasının əsas hissəsini təşkil edir. Plov Qarabağ xörəklərinin şahı sayılır.

Bölgədə başlanılan yenidənqurma işləri yaxın illərdə bu ərazilərin turizm mərkəzinə çevriləcəyindən xəbər verir.

Azərbaycanın dilbər guşəsi olan Qarabağ zəngin ənənələrin formalaşdığı tarixi mədəniyyət diyarıdır. Bu ənənələr min illər boyu nəsildən-nəslə ötürülmüşdür.

İrəlidəki yazılarımızda Qarabağ mədəniyyəti, incəsənəti, dini abidələri və turizmi barədə ayrı-ayrılıqda bəhs edəcəyik.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misit mətbuatında çıxan yazımız